Mərkəzi Lankaşir Universitetinin (UCLan) britaniyalı astrofizikləri müəyyən ediblər ki, ekzoplanetlər (Günəş sistemindən kənarda olan planetlər) formalaşmasının ilkin mərhələsində dairəvi deyil, jele paxlasına bənzəyən düzbucaqlıdırlar.
HİT.az xəbər verir ki, tədqiqat "Astronomy&Astrophysics" (A&A) elmi jurnalında dərc olunub.
Alimlərin qənaətləri gənc ulduzların ətrafındakı sıx qaz disklərində planetlərin əmələ gəlməsi proseslərinin kompüter modelləşdirilməsinə əsaslanır.
“Biz uzun müddətdir ki, planetlərin əmələ gəlməsini öyrənirik, lakin indiyədək planetlərin simulyasiyalarda necə formalaşdığını yoxlamaq ağlımıza gəlməmişdi. Biz həmişə onların sferik olduğunu güman edirdik”, deyə elmi qrupun üzvü, astrofizik Dimitris Stamatellos bildirib.
UCLan komandası bu kəşfi Yupiter kimi qaz nəhənglərinin əmələ gəlmə proseslərini öyrənərkən edib.
Planet əmələ gəlməsinin standart nəzəriyyəsi göstərir ki, toz hissəcikləri uzun müddət ərzində daha böyük obyektlər əmələ gətirmək üçün bir araya toplaşdıqca onların böyüməsi tədricən baş verir. Bu model "əsas yığılma" adlanır.
Lakin planetin doğulması daha qısa müddətdə, gənc ulduzların ətrafında böyük fırlanan protoplanetar disklərin parçalanması zamanı da baş verə bilər. Bu üsul "disk qeyri-sabitliyi" nəzəriyyəsi ilə təsvir edilmişdir.
UCLan tədqiqatının nəticələri ikinci variantı dəstəkləyir. Simulyasiyalar göstərib ki, yeni material əsasən gənc göy cisminin qütblərinə yönəldildiyi üçün formalaşan planetlər düz sferoidlər şəklini alır.
Komanda təkmilləşdirilmiş kompüter modelindən istifadə edərək planetlərin əmələ gəlməsini öyrənməyə davam edəcək. Astrofiziklər planetin formalaşmasına və formasına təsir edən ətraf mühitin rolunu daha yaxşı başa düşməyə ümid edirlər.
Samir