Dovşanlarla bağlı bunları bilirdiniz?

MARAQLI
19:40 / 13.02.2024
1774

Dovşanlar dünyada ən çox sevilən heyvanlar sırasındadır.

Dovşanların ortalama ömrü 8-10 ildir. Onların boyu 30-60 sm, çəkiləri isə 3-10 kiloqram arası dəyişir. Dovşanlar ildə 6-7 dəfə doğuş edə bilirlər. Bir aylıq hamiləlik dönəminin ardından 4-12 bala dünyaya gətirə bilərlər. Bala dovşanlar tüksüz və gözləri qapalı şəkildə dünyaya gəlirlər. 

Dişi dovşan 20 gün balasına süd verir, 1 ay sonra isə onu tərk edir. Unutmayın ki, yeni doğulmuş dovşan balasına toxunmaq olmaz. Çünki qoxunuz balaya keçdikdə ana onu tərk edir. Bu isə bala dovşanın ölümünə səbəb ola bilir.

İlkin məlumatların ardından bu sevimli dostlarımız barədə digər faktlara da nəzərə yetirə bilərik.

Hit.az dovşanlarla bağlı ən maraqlı 10 məlumatı təqdim edir:

1. Dovşanların dişləri də dırnaqları kimi davamlı böyüyür. Bu isə təbiətdə yaşayan dovşanların qidalanmasına kömək edir. 
2. Dovşanların gözləri 360 dərəcədə hər yeri görə bilir. Hətta onlar başlarını çevirmədən arxaya baxa bilən tək canlı hesab olunurlar. 
3. Dovşanlar sevinəndə tullanaraq havada tərsinə dönürlər. Bu isə onları daha da sevimli edir. 
4. Heç bir dovşanı qusarkən görə bilməzsiniz. Ona görə ki, dovşanların yemək borusu sadəcə bir istiqamətdə fəaliyyət göstərir. Yəni yemək borusunda heç bir qida əksinə doğru hərəkət edə bilməz. 
5. Dovşanlar təmizliyi çox sevirlər. Eynilə pişiklər kimi özlərini yalayaraq təmizləyirlər. 
6. Bütün dovşanları bir-birinə bənzədirsiniz? Onda yanılırsınız. Çünki dünyada 50 fərqli dovşan növü yaşayır. 
7. Dovşanlar sürətli qaçma bacarığına sahibdirlər. Qaçarkən 1 metrə qədər hündürə belə tullana bilirlər. 
8. Hətta dovşan sürətli qaçaraq saatda 70 kilometrdən artıq sürətə belə çata bilir. 
9. Dünyadakı ən böyük dovşan 12 milyon il bundan əvvəl Menorka adasında yaşayıb. Onun çəkisi 15 kiloqram olub.
10. Dovşanlar dünyadakı yırtıcı heyvanların əksəriyyəti tərəfindən ovlanırlar. Amma indiyə qədər nəsillərini davam etdirə bilmələrinin səbəbi tez-tez balalayaraq sürətli şəkildə artmalarıdır. 

Pərviz

0