Uşaqlarda  yaranan qəbizlik halları

MARAQLI
23:37 / 03.04.2024
399

Azyaşlı uşaqları narahat edən məsələlərdən biri qəbizlikdir. 

Bu hal daha çox yenidoğulmuş uşaqlarda müşahidə olunur.

Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, uşaqlarda qəbizlik tez-tez baş verir. Uşaq gec-gec nəcis ifraz edirsə və defekasiya (nəcis ifrazı) aktı isə çətinliklə baş verirsə, bu zaman qəbizliyin olması barədə danışmaq olar:

 “Qəbizlik alimentar (qidalanma ilə) səbəblə: döşlə qidalanma zamanı südün az olması, qidalanmanın düzgün (yaşa uyğun olmayan tərzdə) aparılmaması, gün ərzində az maye qəbulu, eləcə də hipodinamiya (az hərəkətlilik), uzun müddətli yataq rejimi və bəzi medikamentozlar (kalsium, dəmir preparatları) nəticəsində baş verə bilər. Qəbizliyə klimat (yer, məkan) dəyişikliyi də səbəb ola bilər. Qəbizliyin digər səbəbləindən biri stress, sinir sistemi gərginliyi ola bilər. Ola bilər ki, bağırsaq çatı, babasil zamanı ağrı hissiyatı uşaqda defekasiya qorxusu yaradır ki, bu da qəbizliyə səbəb olur”.
Həmsöhbətimiz onu da deyib ki, bir sıra hallarda bir dərmanla müalicə olunmalı olan qəbizlik probleminə şişirdilmiş diaqnoz qoyulur və hətta balacalar gərəksiz yerə cərrahiyyə əməliyyatlarına məruz qalırlar: 

“Bizdə bir sıra mərkəzlərdə uşaqlara “dolixosiqma” deyilən bir diaqnoz qoyulur. Halbuki uşaq cərrahiyyəsində, uşaq xəstəlikləri arasında belə bir patologiya yoxdur. Biz bu gün həmin diaqnozu aparıb xarici ölkələrdə göstərib desək ki, uşağa belə diaqnoz qoyulub, bizə gülərlər. Gülürlər də bu patologiya ilə diaqnoz qoyulduğunu görəndə. Bəli, “dolixosiqma” deyilən problem var, buna 22 yaşdan sonra rast gəlinir. S-vari bağırsağın genişlənməsi zamanı belə bir diaqnoz qoyulur və əməliyyat tətbiq olunur. Ən çox da bu problemə qadınlarda hamiləlikdən sonra rast gəlinir. Ancaq bu diaqnoz körpə uşağa qoyula bilməz”. 

Sevinc

0