Uşaq vaxtı hər birimiz müxtəlif oyunlar oynayardıq. Ancaq illər keçdikcə həyat standartlaşdı, uşaqlar belə sərbəst oyunlara maraq göstərmir. Yəqin bunun səbəbi texnikanın inkişaf etməsi ilə bağlıdır.
Kulturoloq Xanım Məmmədova Hit.az-a deyib ki, "Yeddi daş" oyunu, Novruz bayramı mərasimlərində qulaq falına çıxmaq, rəqs və yallı növləri, oğlan uşaqlarının güləş, qol döyüşü, at çapmaq, ox atmaq kimi bir çox sənət növlərinin miniatür variantını özündə əks etdirən uşaq oyunları tarixən də maraqlı olub. İndi də bəziləri saxlanılır. Təəssüflər olsun ki, onların çoxu unudulub:
“Keçmişdə qar yağanda, soyuqda təsərrüfat işlərini görəndən sonra boş vaxtlarını keçirmək üçün uşaq və böyüklər bu cür oyunlar təşkil etməklə vaxtlarını səmərəli keçirirdilər. Oyunların əsas məqsədi də yeni nəslin sağlam böyüməsi, real həyata hazırlıqlı olması, eyni zamanda mədrəsə və mollaxanada təhsil alan uşaqların sosiallaşması, dünyagörüşü, düşüncə tərzinin formalaşması üçün idi. İndi uşaqlar ancaq telefon, planşetlə vaxt keçirir. Təəssüf ki, uşaqlarımız virtual dünyaya üstünlük verir".
Sevinc