Misirdə 4 min il əvvəl xərçəng şişlərini əməliyyat ediblər - Sübutlar tapıldı

22:39 / 29.05.2024
984

Tübingen Universitetinin alman alimləri digər ölkələrdən olan həmkarları ilə birlikdə Qədim Misirdə həkimlərin 4 min ildən çox əvvəl xərçəng şişlərini müalicə etməyə çalışdıqlarını aşkar ediblər. Bunu cərrahi əməliyyatların izləri olan arxeoloji tapıntılar göstərir. 

HİT.az xəbər verir ki, tədqiqat "Frontiers in Medicine" (FIM) elmi jurnalında dərc olunub.

Komanda Kembric Universitetinin kolleksiyasından olan iki kəlləni tədqiq edib. 237 nömrəli ilk obyekt eramızdan əvvəl 2687-2345-ci illərə, ikinci kəllə E270 isə eramızdan əvvəl 663-343-cü illərə aid edilir.

Kəllə 236-da mikroskopik müayinə toxumaların məhvinə səbəb olan böyük bir xərçəng lezyonunu göstərib. O, dairəvi metastaz nöqtələri ilə əhatə olunub. Alimlər metastazların ətrafında iti alətin buraxdığı izləri aşkar ediblər. Görünür, misirli həkimlər bu şişləri kəsməyə çalışıblar.

Sonrakı E270 kəlləsində mütəxəssislər böyük bir xərçəng şişinin buraxdığı böyük bir dəliyi araşdırıblar. Bundan əlavə, qalıqlarda iki sağalmış travmatik zədənin izləri də saxlanılıb. Onlardan biri bıçaqlı silahla hücum nəticəsində baş verib. Tədqiqatçılar bu faktı qeyri-adi adlandırıblar, çünki E270 qadına məxsus idi və qadınlar duellərdə və döyüşlərdə nadir hallarda iştirak edirdilər.

Alimlər qeyd ediblər ki, Qədim Misirdə tibbin səviyyəsi həkimlərə kəllə sümüyünün zədələrini sağaltmağa imkan verib, lakin şişə qarşı aciz olublar.

Samir

0