Son vaxtlar yeniyetmə və gənclər arasında kriminal aləmə marağın artdığı müşahidə edilir.
“Oğru aləmi”, “vorzakon”, “AUE” və digər belə ifadələr məktəb yaşlı uşaqlar arasında dillər əzbərinə çevrilib.
Gəncləri “qaranlıq yola” çıxaran səbəblər nələrdir?
Psixoloq Aynur Əliyeva Hit.az-a şərhində bildirib ki, "qanuni oğru”ların bir qism insanlar tərəfindən təbliğ edilməsi, hətta bəzilərinin onları özlərinə kumir seçməsi , cəmiyyətimizin ciddi problemlərindən biridir:
"Gənclərimizin bu cür qanunu pozan insanlardan örnək götürməsi qəbulolunan deyil. Təhsilsiz, işsiz, həyatda hansısa sənətə sahib ola bilməyən, cinayətə və hər addımbaşı qanunu pozmağa meyilli olan bu insanlar bizim övladlarımız üçün nümunə olmamalıdır.
"Oğru dünyası”na olan maraq həm də, bizdə yayımlanan və Türkiyə istehsalı olan seriallardan qaynaqlanır. Gənclər “Polat Alemdar”, “Memati” kimi obrazlar yaratmağa çalışırdılar. Özlərini onlara bənzədib, imitasiya edirdilər. Burada insanın düşüncə bucağı çox önəmlidir".
Psixoloq hesab edir ki, məktəblərdə maarifləndirici, tərbiyələndirici söhbətlər, müzakirələr geniş şəkildə aparılmalı, televiziyalarda, sosial şəbəkə platformalarında bu istiqamətdə sistemli şəkildə ciddi işlər aparılmalıdır.
Sevinc