Televizor, kompüter kimi cihazları nə qədər cərəyanda saxlamaq olar? - "Risklər var..."

MARAQLI
12:22 / 22.08.2024
851

Bəzən televizor və kompüter kimi cihazları saatlarla istifadə edirik. 

Lakin həddindən artıq istifadə onların qızmasına, qısaqapanmaya və ya bənzər elektrik problemlərinin meydana gəlməsinə səbəb ola bilir. Ona görə də mütəxəssislər tərəfindən gün ərzində sözügedən və oxşar elektrikli cihazları fasilələrlə istifadə etmək tövsiyə olunur. 

Maraqlıdır, televizor, kompüter və bənzər elektrikli cihazları nə qədər müddət fasiləsiz istifadə etmək olar? 

Bu barədə təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nuriyev Hit.az-a açıqlama verib. O bildirib ki, elektrik cihazlarının neçə saat cərəyanda saxlanılması onları istehsal edən müəssisələrin verdiyi texniki şərtdən asılıdır:

356458

"Yəni televizor, kompüter, kondisioner, paltaryuyan və digər bənzər cihazların maksimum nə qədər cərəyanda saxlanılacağı istehsalçının verdiyi texniki şərtdən göstərilir. Bu müddət isə istehsalçı müəssisəyə görə müxtəlif ola bilir".

Mütəxəssis diqqətə çatdırıb ki, əslində əsas məsələ həmin cihazların qoşulduğu elektrik şəbəkəsinin saz vəziyyətdə olmasıdır:

"Elektrik şəbəkəsi mütləq şəkildə keyfiyyətli naqillərlə çəkilməlidir. Eyni zamanda, elektrik yük tutumu da nəzərə alınmalıdır. Əks təqdirdə, televizor, kompüter, paltaryuyan maşın və ya digər elektrikli cihazların cərəyanda olması risk yaradar. 

Yəni bu, elektrik şəbəkəsinin yüklənməsinə, qızmaya, qısaqapanmaya, alışmaya və hətta yanğına gətirib çıxara bilər. Üstəlik, qısaqapanma nəticəsində elektrik cihazlarının da sıradan çıxması mümkündür". 

Pərviz

0