Bəzi cütlüklər münasibətlərinin bir neçə ilindən sonra aralarında əvvəlki mehribanlığın, romantikanın olmadığını iddia edir.
Əksər hallarda qadınlar deyir ki, yoldaşı toya qədər çox romantik insan idi, toydan sonra adiləşdi.
Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, bəşər tarixi yaranandan bu günə qədər qadınların kişilərə nisbətən daha romantik olduğu deyilir:
"Çünki qadın emosionaldır, duyğularını gizlədə bilmir, qarşı tərəfdən daha çox diqqət, qayğı və sevgi gözləyir və bu sevgini sadə formada, adi sözlərlə deyil "bəzəkli" yəni fərqli və kreativ üsullarla çatdırılmasını istəyir. Belə bir fikir var ki, "qadın qulağı ilə, kişi isə gözü ilə sevir". Əgər qadın kişiyə xoş gəlmək üçün daima baxımlı olmaq istəyirsə və bunu sevərək, istəyərək edirsə, qarşılığında təriflənmək və xoş sözlər eşitmək istəyir. Qadınlar ömür boyu bu romantikanı arzulayırlar. Mən demirəm ki, kişilərdə romantika yoxdur. Kişi müəyyən mənada evləndikdən sonra buna ehtiyac olmadığını düşünür. Fikirləşir ki, bu qadın artıq ona məxsusdur və onun artıq romantikaya ehtiyacı yoxdur. Bu da münasibətlərin gərginləşməsinə səbəb olur".
Sevinc