Son illərdə internet həyatımızın vazkeçilməzinə çevrilib.
Artıq onsuz bir həyat təsəvvür etmək mümkün deyil. Çünki gün ərzində bir çox işi etmək üçün bilavasitə internet lazımdır. Elə ona görə də hər gün milyardlarla insan internetdən istifadə edir.
Evdə isə internetə qoşulmaq üçün modemdən istifadə edirik. Lakin bəzi insanlar gecə yatanda və ya evdən çıxanda sözügedən modemi cərəyandan ayırmırlar. Nəticədə, həmin evlərdə "Wi-Fi" modemi uzun müddət fasiləsiz olaraq işləyir.
Bəs bu, hansısa problemlərə səbəb ola bilər?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nuriyev Hit.az-a açıqlamasında bildirib ki, gecə yatanda və ya evi tərk edəndə "Wi-Fi" modemini söndürmək lazımdır:
"Gecə yatarkən və ya evdə olmayanda "Wi-Fi" modemini cərəyanda saxlamamaq lazımdır. Bu, yanğın təhlükəsizliyi baxımından da məqsədəuyğun olar. Həmin modem mütəmadi şəkildə cərəyanda yanılı vəziyyətdə qalarsa, yanğın təhlükəsi yarada bilər. Belə ki, onda olan hər hansısa qızma və ya qısaqapanmanın yanğınla nəticələnmə ehtimalı var.
Ona görə də birmənalı olaraq gecə yatarkən və ya evi tərk edərkən belə cihazlar cərəyandan ayrılmalıdır. Artıq hər yerdə sözügedən modemdən istifadə olunur. Lakin "Wi-Fi" modemini cərəyanda uzun müddət nəzarətsiz və yanılı saxlamaq olmaz".
Pərviz