Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova çaylarla bağlı Hit.az-a müsahibə verib. O, söhbət zamanı bir çox mühüm məqama toxunub.
Sözügedən müsahibəni təqdim edirik:
- Məhsəti xanım, çay alarkən nələrə diqqət etməliyik?
- Keyfiyyətli və mənşəyi bəlli olan çayların insan orqanizminə bir çox faydası var. Lakin keyfiyyətli də olsa, onun saxlanma şəraitinə və dəmləmə üsuluna diqqət etmək lazımdır. Bu səbəbdən də çay seçərkən birinci növbədə onun ətrinə fikir vermək lazımdır. Ətrin mülayim və zəif hiss olunması onun təbii olduğunu göstərir.
Eyni zamanda, çayın ətrinin qoxusunun həddindən artıq çox hiss olunması və uzun müddət dəyişmədən qalması onda əlavə kimyəvi aromatizatorlardan istifadə olduğuna işarədir. Bundan başqa, dəmləmə zamanı çayın rəngi anında suya çıxırsa, deməli, onda kimyəvi qatqı maddələri istifadə olunub.
- Bunların insan orqanizminə hansı zərərləri var?
- Nəzərə almaq lazımdır ki, qurudulması və növünə görə çayın rəngi fərqli olur. Kəskin qara və ya həddindən artıq tünd rəngdə olması da çaya əlavə boyaların qatıdığını göstərir. Bu, bir çox insanda allergiyaya, immuniteti zəif olanlarda isə həzm sisteminin, eləcə də qaraciyər və böyrəklərin funksiyasının pozulmasına səbəb ola bilər. Ona görə də təbii və keyfiyyətli çay almaq lazımdır.
- Bəs çaya təbii ətirləndiricilər qatmaq olar?
- Bəli, bəzən çaylara təbii ətirləndiricilər də qatılır. Bu zaman adətən qurudulmuş meyvələr, çiçəklər və bitkilərdən istifadə olunur. Əsasən, sitrus bitkiləri, kəklikotu, darçın, mixək, zəncəfil və itburnunu çaya əlavə etmək olar. Bunlar keyfiyyətli qatqı hesab olunur. Həm özümüz əlavə edə bilərik, həm də hazır formada ala bilərik. Çünki bunların hazır paketlənmiş formada satılanları da var. Amma süni şəkildə hazırlanan müəyyən aromatizatorlardan istifadə olunmamalıdır.
- Maraqlıdır, çayla bağlı diqqət etməli olduğumuz başqa nüanslar nələrdir?
- Çayın qablaşdırmada hər hansı bir zədə, kəsilmə, deşilmə və yaxud da, oksigenlə təmas edən zədə varsa, onu almayın. Çünki çayın içində daxil olan hava onun tərkibinin dəyişməsinə gətirib çıxarır. Uzun müddət belə qalan çaylar digər qidaların qoxusunu da üzərinə alır. Nəticədə, onun keyfiyyəti dəyişir.
- Ümumiyyətlə, çayı necə saxlamalı və neçə dəqiqə dəmləməliyik?
- Çay sərin, qaranlıq və quru yerdə saxlanılmalıdır. Çayı 85 dərəcəyə qədər qızdırılmış suda dəmləmək lazımdır. Onu 7-8 dəqiqə dəmləmək tövsiyə olunur. Lakin dəmlənmiş halda 30-35 dəqiqədən artıq qalan çayların içilməsi tövsiyə olunmur. Çayı istehlak edəcəyiniz zaman dəmləmək lazımdır.
- Gün ərzində neçə fincan çay içmək tövsiyə olunur?
- Günün birinci yarısında içilən çay orqanizmin daha enerjili və gümrah olmasına gətirib çıxarır. Gün ərzində 2-3 fincandan artıq çay içmək məsləhət deyil. Çayın tərkibindəki kafein mədə şirəsinin artmasına mədədə yanğı, qıcqırma, narahatlıq hissinə gətirə bilər. Ona görə də çayı gün ərzində çox qəbul etməmək lazımdır.
- İnsanların böyük əksəriyyəti yeməkdən dərhal sonra çay içir. Bu, düzgündür?
- Yeməkdən 35-40 dəqiqə əvvəl və ya yeməkdən 1 saat sonra çay içilməlidir. Əgər şirniyyatla içiləcəksə, yeməklə çay arasındakı müddət 1 saatdan az olmamalıdır. Buna baxmayaraq, ağır, qızardılmış, çox kalorili və gec həzm olunan qidalı yemək yedikdən sonra isə az miqdarda sadə çay qəbul oluna bilər. Çünki bu, həzmi asanlaşdırmağa kömək edəcək.
Pərviz