Bilirik ki, bir çox insan anadan olduğu günü xüsusi gün kimi qeyd edir. Bu, əsrlərdir mövcud olan bir adətdir. Bir çox xalqların mədəniyyətində insanın dünyaya gəldiyi gün münasibətiylə ona hədiyyələrin alınması, xüsusi mərasimin keçirilməsi, həmçinin, özəl tort hazırlanması kimi adətlər mövcuddur.
Bu gün münasibətiylə hər ölkənin özünəməxsus təbriki olur. Məsələn, ingilislər “Happy Birthday”, özbəklər “tug’ilgan kun muborak bo’lsin”, italyanlar “buon compleanno” deməklə insanın anadan olduğu günü təbrik edirlər. Ölkəmizdə isə bu şəxslərə “ad günün mübarək!” və ya “doğum günün mübarək!” ifadələriylə təbriklər çatdırılır.
Maraqlıdır ki, insanın doğulduğu gün niyə “ad günü” adlanır? Əslində necə olmalıdır: doğum günü yoxsa ad günü?
Filologiya elmlər doktoru Elçin İbrahimov Bizim.Media-ya açıqlamasında bildirib ki, "doğum günü" ifadəsi "ad günü" ilə müqayisədə daha düzgündür:
“Qədim türklərdə yeni doğulan uşağa təntənə ilə ad qoyma mərasimi keçirilirdi. Yəni, ad günü qədim türklərin uşağa ad qoyduqları gün kimi, doğum günü isə həmin insanın dünyaya gəldiyi gün kimi qeyd olunub. Buna görə də doğum günü ifadəsi daha məntiqlidir. Çünki insan doğulduğu an ona ad verilmir”.
Müsahibimiz məsələ ilə bağlı tarixi faktorları da açıqlayıb:
“Biz qədim türk inancına baxsaq, görərik ki, uşaq dünyaya gəldikdən sonra təntənəli mərasim keçirilirdi, şaman ona ad verirdi. Məsələn, Dədə Qorqud dastanında da görünür ki, insan doğulanda ona ad qoyulmur, gərək o qəhrəmanlıq göstərsin, igidlik etsin ki, ona ad verilsin. Nümunə olaraq, Dirsə xanın oğlunun bir buğanı boğmasından sonra ona Buğac adı verilir və ya Bamsı Beyrəyə də düşmənlə vuruşduqdan sonra ad verilir.
Yəni, hesab edirəm ki, doğum günü ifadəsi daha doğrudur. Çünki insanın adı ona sonradan verilir.
Düzdür, bu gün uşaq dünyaya gəlmədən öncə onun adına ailəsi qərar verir, amma yenə də bunun sənədləşmə prosesi uşağın dünyaya gəlməsindən bir müdddət sonra rəsmi olaraq həyata keçirilir”.