Demək olar ki, hər kəs yaxşı və ya pis haradasa pul qazanmaq üçün çalışır.
Bəzən çalışdığımız işin ağırlığı və ya evdə üzərimizə götürdüyümüz məsuliyyətlər iki iş arasındakı balansı pozur. Beləliklə, işdəki problemlər evə, evdəki məsuliyyət isə işə qarışır.
Bəs, bu balansı necə qorumaq olar?
Bu barədə Hit.az-a açıqlama verən sosioloq Lalə Qarayeva deyib ki, iş və şəxsi həyat balansını qorumaq üçün 5 əsas yol var:
“Onlardan birincisi, haradasınızsa, bütün fikrinizi həmin yerə verin. Bu sözün mahiyyəti odur ki, əgər hansısa bir işi görürsünüzsə, o işi görərkən bütün zaman və diqqətiniz orda olsun.
Daha sonra həftəlik planlar qurmağa çalışın. Plandan kənara çıxmamağa diqqət edin. Buna forsmajor hallar daxil deyil.
Üçüncü qayda ailənizə zaman ayırmaqdır. Siz bütün həyatınızı işə versəniz, ailənizdən xəbərsiz və uzaq olacaqsınız. Bunun nəticəsi ilə yavaş-yavaş ailə probleminiz işinizə gəlib çıxacaq.
Dördüncü yol “yox” deməyi öyrənməkdir. Əgər sizdən əlavə tapşırıq yerinə yetirmək istənilirsə, diqqətlə düşünün. Bu sorğunu yerinə yetirmək üçün sizə lazım olan vaxt və səyi nəzərə alın. Əgər bunu edə bilməyəcəyinizi hiss edirsinizsə, yox deməkdən qorxmayın.
Sonuncu və ən əsası isə “İşi işdə buraxmaqdır”. İş vaxtını şəxsi vaxtdan ayırmaq vacibdir. Buna görə də, iş və şəxsi həyatın kəsişə bilmədiyi zamanlarda qaydalar yaradın".
Murad