Əksər uşaqların öz xəyalı dostu olur, onunla oynayır, söhbət edir.
Uşaq psixoloqu Aynur Əliyeva Hit.az-a şərhində deyib ki, xəyali dost - uşağın istədiyi yerdə olan, istədiyi oyunu oynayan, onu qeyd-şərtsiz qəbul edən dostdur:
“Xəyali dostlar geniş dost çevrəsi olan uşaqlarda da görünə bilər. Bu, psixoloji problem kimi yox, inkişafın bir pilləsi kimi qiymətləndirilməlidir. Bəzən uşaqlar sahib olmaq istədikləri xüsusiyyətləri xəyali dostlarına yükləyərək, fərqli rolları sınaq etmək imkanını da əldə edə bilərlər. Oyunlar vaxtı xəyali dostlarına qışqıra, onları evə dəvət edib, qonaqpərvərlik oynaya, bəzən onlara kömək edə və bu s. fərqli rolları oynaya bilərlər. Uşağınız xəyali dostlarının anası, atası və ya müəllimi kimi, eynilə öz anası, atası və ya müəlliminin ona davrandığı şəkildə oynayaraq, bir oyunu davam etdirə bilər. Elə məhz bu yerdə uşağınız əslində öz valideynini, başqa sözlə, sizinlə bağlı və ya müəllimi ilə olan əlaqələrinə dair ipucu verə bilər. Bu cür oyunlarda uşaqlar çox məmnun olduqları, xoşlarına gedən halları canlandıra bildiyi kimi, bəzən də canlarını sıxan, xoşlarına gəlməyən və dəyişdirilməsini istədikləri bəzi halları canlandıraraq, böyüklərə mühüm mesajlar vermiş ola bilirlər”.
Sevinc