Beynəlxalq Radio Astronomiya Tədqiqatları Mərkəzinin tədqiqatçıları qalaktikamızın ən nadir ulduzlarından birindən yayılan qeyri-adi radio impulsları aşkar ediblər. Məlum olub ki, bu siqnalların mənbəyi qırmızı və ağ cırtdanların qoşa ulduz sistemidir.
HİT.az xəbər verir ki, tədqiqat "The Astrophysical Journal Letters" (AJL) jurnalında dərc olunub.
GLEAM-X J0704-37 adlandırılan siqnallar astronomlar tərəfindən Murchison Widefield Array Teleskopunun arxiv məlumatlarında aşkar edilib. Onlar 30-dan 60 saniyəyə qədər davam edən, hər 2,9 saatdan bir təkrarlanan radio impulslardır.
Alimlər Cənubi Afrikadakı MeerKAT teleskopundan istifadə edərək siqnalların mənbəyinin yerini dəqiqləşdirə bildilər və onun qırmızı cırtdandan gəldiyini müəyyən ediblər. Spektrin təhlili ulduzun ağ cırtdanla qarşılıqlı əlaqədə olduğunu göstərib. Bu cüt ulduz Yerdəki teleskoplar tərəfindən aşkar edilən güclü radio emissiyaları yaradır.
Həyat dövrünü tamamlamış ulduzların qalıqları olan ağ cırtdanlar yüksək sıxlığa və güclü maqnit sahələrinə malikdir. Bu vəziyyətdə ağ və qırmızı cırtdanın qarşılıqlı təsiri radio dalğalarının emissiyasına səbəb olur. Əgər fərziyyə təsdiqlənərsə, GLEAM-X J0704-37 bir neçə tanınmış cırtdan pulsar sistemlərindən birinə çevriləcək.
Samir