Azərbaycanda 3600 manata bayramı qeyd edənlər var

MARAQLI
11:37 / 22.12.2024
56

Qarşıdan Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir. 

Vətəndaşlar bayram günlərini müxtəlif səviyyədə qeyd edirlər. Bir sıra vətəndaşlar  bayram tətilində məhz başqa yerlərə səfər edirlər. Bəzi insanlar xarici ölkələrə üstünlük verdiyi halda, bir qrup vətəndaş bölgələrə gedir. Qarşıdan gələn bayram günlərində tətllə bağlı bölgələrdəki istirahət məkanlarının qiymətləri açıqlanıb. 

Məsələn, dekabrın 31-2 yanvar tarixində Park Chalet (Qusar) - 3599 manat, Basqal Resort SPA (İsmayıllı) - 1460 manat, Shabran Wellbeing Resort (Şabran) - 1490 manat, Qalaaltı Hotel Spa (Şabran) - 1380 manat, Macara Quba 1790 manat, Marxal Resort SPA (Şəki) 1220 manat təşkil edir. Qeyd edək ki, qiymətlərə gecələməklə bərabər, səhər yeməyi, Yeni il əyləncə tədbiri daxildir. Yeni il proqramlarına canlı musiqi, şoular, rəqs və diskotekalar, hədiyyəli viktorinalar, atəşfəşanlıq və s. var. 

Bir çoxları hotellərdəki qiymətlərin çox yüksək olduğunu düşünür və buna görə xarici ölkələrdə istirahətə üstünlük verəcəklərini qeyd edirlər. Turizmin inkişafını və vətəndaşların gəlirini nəzərə alsaq, bu gün bölgələrdəki istirahət məkanlarında qiymətlər baha deyilmi?

 Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, dövlətin, yaxud hansısa qurumların qiymətləri təyin və yaxud müdaxilə etmək imkanı yoxdur: 

“Doğru olan budur, yəni bazar qərar verməlidir. 3600 manata iki gecəlik tətil təyin edənlərin alıcısı varsa, ona görə təyin edirlər. Yəqin ki, boş bir zalda Yeni il keçirməzlər. Deməli, vətəndaşlar o qiymətə tətil paketi alacaqlarsa, həmin qiymətə də satacaqlar. Görsələr ki, alan yoxdur, qiyməti aşağı salacaqlar. 

Deməli, tələbat var ki, bu qədər yüksək qiymətlər olur. Dövlətin burada müdaxilə edəcəyi məsələ əldə etdikləri qazancından vaxtında həmin obyektlərin vergi ödəmələridir”. 

O bildirib ki, bu məsələyə bir qədər başqa cür yanaşmaq lazımdır:

“Bu, vətəndaşların davranış qaydaları ilə bağlı məsələdir. Vətəndaş almayacaqsa, qiymətlər düşəcək. Onlar da öz ziyanlarına işləməyəcəklər. Tələbat olacaqsa, qiyməti daha da qaldıracaqlar. 

Ona görə bu məsələdə kənar müdaxilələrə ehtiyac  yoxdur”. 

0