Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəza enişi edib. Təyyarənin qəzaya uğramasına səbəb hava gəmisinin Rusiya səmasında hücuma məruz qalması olub.
Hazırda təyyarənin "qara qutu"su araşdırılır. Qəzanın səbəbləri barədə son versiya “qara qutu”lar açılandan sonra bəlli olacaq.
Modern.az “qara qutu”da hansı məlumatların olduğunu araşdırıb.
“Qara qutu” təyyarələrin uçuşu zamanı baş verən hadisələri qeyd edən və təyyarə qəzası baş verdikdə hadisənin təhlilində istifadə olunan avadanlıqdır.
"Qara qutu" adından göründüyü kimi qara deyil, narıncı rəngdə olur. Qutunun bu rəngdə olmasına səbəb təyyarə qəzası zamanı onun tapılmasını asanlaşdırır. Cihazın ilk istifadəsi 1947-ci ilə təsadüf edir. 1958-ci ildən sonra onun təyyarələrdə istifadəsi Mülki Aviasiya Şurası tərəfindən məcburi hala gətirilib.
Qara qutu iki əsas hissədən ibarətdir: Uçuş məlumatları qeydedicisi (FDR) və səs qeydedicisi (CVR).
Uçuş məlumatları qeydedicisi təyyarənin uçuş zamanı topladığı məlumatları qeyd edir. Bu məlumatlar təyyarənin texniki vəziyyətinə və fəaliyyətinə dair geniş spektri əhatə edir. Məsələn, təyyarənin yüksəkliyi, sürəti, eniş və qalxış bucağı, mühərriklərin vəziyyəti və işləmə temperaturu, idarəetmə sistemlərinin vəziyyəti, pilotların verdiyi əmrlər və təyyarənin hərəkətlərini əhatə edir.
Səs qeydedici təyyarə içindəki səs mühitini qeyd edir. Bu cihaz pilotların və digər heyət üzvlərinin dialoqlarını, kabinədəki səs-küyü, təyyarənin içindəki hadisələri (məsələn, təyyarənin təzyiqi və ya mühərrik səsindən gələn siqnallar) qeyd edir. Bu qurğu təyyarə qəzasının səbəblərini araşdıran mütəxəssislərə məlumatları təmin edir. Məsələn, pilotların və heyətin təyyarə ilə bağlı verdikləri qərarlar və vəziyyətə münasibətləri, təyyarə içindəki hər hansı təcili vəziyyət və ya səsli xəbərdarlıqlar, təyyarə ilə əlaqədar problemlər və ya texniki nasazlıqlar haqqında məlumatlar verilir.
Qara qutular xüsusi materiallardan hazırlanır, onlar uçuş zamanı təyyarənin daxili təzyiqini, istilik və digər fiziki təsirlərdən qorunur. Təyyarə qəzası zamanı qara qutular çox güclü zərbələrə, yüksək temperatur və digər xarici təsirlərə qarşı qorunur. Bu, onların məlumatları təhlükəsiz şəkildə saxlamasına və qəza sonrası tapılmasına kömək edir.
Sərnişin təyyarələrindəki qara qutular 90 gün ərzində dənizdə siqnal göndərə bilir. Orta hesabla 5 kilo ağırlığında olan qara qutular dəniz suyu ilə qarşılıqlı əlaqədə olduqda aktivləşir və siqnallar yaymağa başlayır. Beləliklə, qəzaya uğrayan təyyarənin yerini axtaran istənilən komanda onu hətta dənizin altında da tapa bilər.