Ötən gün bütün mətbuat orqanları avtobus sürücüsü ilə sərnişinin arasında yaranan mübahisə barədə xəbərlər dərc edib.
Yəqin ki, bir çoxumuz bu cür hadisələrin ilk olmadığını bilirik.
Həmin adıçəkilən hadisədən sonra avtobus sürücüsü vəzifəsindən azad edilib.
Maraqlıdır, niyə son zamanlar insanlar ictimai nəqliyyatda aqressiv olurlar?
Məsələ ilə bağlı Hit.az-a açıqlama verən psixoloq Sevinc Əliyeva deyib ki, ictimai nəqliyyatda aqressiv davranışların artmasının bir neçə səbəbi var:
“Bu davranışlar həm fərdi, həm də sosial amillərlə əlaqədar olaraq, müxtəlif faktorlarla izah edilə bilər. Pandemiya dövrdən sonra bu kimi hallar çoxalıb. Çünki, insanlar daha çox evdə qaldılar və sosial təcrid nəticəsində daha az qarşılıqlı əlaqədə oldular. İctimai məkanlarda bu təcridlərin bitməsi, bəzən insanlar arasında gərginliyə səbəb olur.
Sıxlıq və komfortsuzluq ictimai nəqliyyatın əsas problemlərindəndir. Çox sayda insanın bir məkan içində olması, hərəkət etməkdə çətinliklər, oturacaq çatışmazlığı və s. bu vəziyyətləri daha da gərginləşdirə bilər. İnsanların sıxlığa, təxirəsalmalara, uzun gözləmə müddətlərinə və digər logistika problemlərinə qarşı dözümsüzlüyü artıb. Bu da aqressivliyə yol açır.
İctimai nəqliyyatda aqressiv davranışlar bəzən insanların gündəlik həyatda qarşılaşdıqları stressin bir əksidir. İqtisadi problemlər, ailə məsələləri, işlə bağlı təzyiqlər və digər gündəlik çətinliklər insanların ruh halını mənfi təsir edir. Bu cür stresli vəziyyətlərdə insanlar daha çox irritasiya və aqressiya göstərə bilərlər. İctimai nəqliyyat da bu cür emosiyaların ortaya çıxdığı yerlərdən biridir. Bundan əlavə, sosial media və rəqəmsal məkanlarda baş verən mübahisələr və aqressiv diskussiyalar da fiziki mühitlərdə aqressiyanı təşviq edə bilər”.
Murad