"Manipulyasiya bir insanın başqalarının düşüncələrinə, emosiyalarına və davranışlarına gizli şəkildə təsir etmək üçün müxtəlif psixoloji üsullardan istifadə etməsidir".
Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bəzi insanlar bunu şüurlu şəkildə edirlər:
"Çünki öz maraqları və istədiklərinə nail olmaq istəyirlər. Bəziləri isə bunu vərdiş halına gətirib fərqinə varmadan tətbiq edirlər. Yəni, manipulyasiya əsasən güc balansını dəyişdirmək və qarşı tərəfi idarə etmək məqsədilə edilir. Üstəlik, manipulyasiya müxtəlif üsullarla həyata keçirilir. Ən geniş yayılmış metodlardan biri insanın özünü günahkar hiss etməsinə səbəb olmaqdır".
Ekspert buna uyğun nümunələr də verib:
"Məsələn, "mən sənin üçün bu qədər fədakarlıq etdim, amma sən məni qiymətləndirmirsən" kimi ifadələrlə günah hissi yaradır və qarşı tərəfin davranışına təsir edir. Başqa bir üsul isə reallıq hissini sarsıtmaqdır. Manipulyator "sən həmişə hər şeyi səhv başa düşürsən" və ya "belə bir şey heç olmayıb" kimi cümlələrlə qarşı tərəfi öz düşüncələrinə şübhə etməyə vadar edir. Bundan əlavə, qorxutma, emosional təzyiq, həddindən artıq şirin dillə inandırmaq və qurban rolunu oynamaq da manipulyasiya üsullarındandır".
Psixoloq vurğulayıb ki, manipulyasiya həmişə açıq şəkildə baş vermir:
"İnsanlar çox vaxt onun fərqinə varmırlar və ancaq uzun müddət sonra təsirini hiss edirlər. Eyni zamanda, manipulyasiya edən çox vaxt yaxın biri ailə üzvü, dost və hətta iş yoldaşı ola bilər.
İnsanlar bu münasibətləri qorumaq üçün manipulyasiyanı qəbul edir və ya özlərinə haqq qazandırırlar. Əgər hiss edirsinizsə ki, birinin sözləri və davranışları sizdə günahkarlıq, özünüzə şübhə və ya qorxu hissi yaradır. Bu, artıq bir siqnaldır".
Ülviyyə İlqar onu da əlavə edib ki, şəxsi sərhədləri qorumaq çox vacibdir:
"Hər kəsin öz qərarları və duyğuları üzərində nəzarəti var. Manipulyasiya edən insan sizə hisslərinizi və düşüncələrinizi sorğulamağa vadar edirsə, özünüzə "mənim qərarım nədir? Mən bu vəziyyətdə nə hiss edirəm?" suallarını vermək lazımdır. Uzunmüddətli manipulyasiya insanın özünüqiymətləndirməsinə, psixoloji vəziyyətinə və münasibətlərinə ciddi zərər vura bilər.
İnsan daim manipulyasiya edilən mühitdə olsa, öz düşüncələrinə və qərarlarına güvənini itirə bilər. Bunun da depressiya, stress və hətta travmatik təcrübələrə yol açması mümkündür. Sağlam münasibətlər isə manipulyasiya deyil, hörmət və qarşılıqlı anlaşmaya əsaslanır".
Pərviz