Müharibə travması nəsillər arasında genlər vasitəsilə ötürülür - ARAŞDIRMA

MARAQLI
11:55 / 03.03.2025
75

ABŞ və İordaniyadan olan beynəlxalq alimlər qrupu müharibələr nəticəsində yaşanan stress və zorakılığın insan genlərində izlər buraxa və nəsillərə ötürülə biləcəyini aşkar ediblər.

HİT.az xəbər verir ki, tədqiqat Scientific Reports (SciRep) elmi jurnalında dərc olunub.

Komanda ilk dəfə insanlarda əvvəllər yalnız heyvanlarda məlum olan fenomeni aşkar edib: stressin valideynlərdən uşaqlara epigenetik ötürülməsi.

Ekspertlərin qənaətləri 1982-ci ildə Suriya vətəndaş müharibəsi zamanı Həma şəhərinin mühasirəsindən sağ çıxan suriyalı ailələrin üç nəslinin genomlarının öyrənilməsinə əsaslanır.

Tədqiqatçılar nənələr, analar və onların uşaqları da daxil olmaqla, suriyalı ailələrin üç nəslini tədqiq ediblər. Həma mühasirəsi zamanı hamilə qalan qadınların nəvələrinin genomunda 14 epigenetik dəyişikliyin olduğu aşkar edilib. Stressdən qaynaqlanan bu dəyişikliklər nəsillərə ötürülürdü, baxmayaraq ki, nəvələrin özləri heç vaxt belə zorakılığa məruz qalmayıblar.

Bundan əlavə, bilavasitə zorakılığa məruz qalmış insanlarda 21 epigenetik dəyişiklik müəyyən edilib. Alimlər həmçinin müəyyən ediblər ki, ana bətnində stressə məruz qalanlarda sürətlənmiş bioloji qocalma əlamətləri var və bu, yaşa bağlı xəstəliklərin riskini artıra bilər.

Bu epigenetik dəyişikliklərin sağlamlığa dəqiq təsiri hələ də bəlli olmasa da, əvvəlki tədqiqatlar bu cür dəyişiklikləri diabet və piylənmə kimi xəstəliklərin riskinin artması ilə əlaqələndirib. Məsələn, II Dünya müharibəsi zamanı aclıqdan sağ çıxan hollandların övladları üzərində aparılan araşdırma onların artıq çəkiyə malik olma ehtimalının daha çox olduğunu müəyyən edib.

Müharibənin ağır nəticələrinə baxmayaraq, tədqiqatçılar tam həyata qayıtmağı və adət-ənənələrini qorumağı bacaran suriyalı ailələrin inanılmaz dözümlülüyünü də qeyd ediblər.

Samir
 

0