Psixoloq Vitali Storçeusov müsahibəsində insanın yalan danışdığını necə müəyyən etməyin yollarından danışıb.
HİT.az-ın məlumatına görə, ekspert bildirib ki, əvvəlcə kişinin doğru danışanda necə davrandığını bilmək vacibdir. Onun adi davranışlarını tanıdıqdan sonra dəyişikliyi sezmək asanlaşır.
Storçeusov insanın üz ifadəsindəki dəyişikliklərə diqqət yetirməyi tövsiyə edir:
* Üzdə yersiz mikroemosiya (məsələn, qəzəb ifadəsi) yarana bilər.
* Çənə nahiyəsində gərginlik müşahidə edilə bilər.
* Üz mimikası uyğunsuz və ardıcıl olmayan ifadələrlə müşayiət oluna bilər.
Psixoloq əlavə edib ki, jestlərə də diqqət yetirmək lazımdır. Davranışdakı dəyişikliklər insanın nəsə gizlətməyə çalışdığını göstərə bilər:
* Söhbət zamanı insan üzünə və ya bədəninin müxtəlif hissələrinə daha tez-tez toxunmağa başlayırsa, bu, gizlətmə və ya yalan siqnalı ola bilər.
* Əvvəllər açıq bədən dili olan şəxs birdən qapalı pozalar almağa (məsələn, qolları bağlamağa) başlayırsa, bu da xəbərdaredici əlamətdir. Lakin nəzərə almaq lazımdır ki, qapalı poza insanın narahat və ya pis əhvalda olduğunu da göstərə bilər.
* Ümumiyyətlə, insanın hərəkətləri nizamsız və qeyri-sabit olursa, bu da nəyinsə qaydasında olmadığını göstərə bilər.
Storçeusov qeyd edib ki, telefonla danışarkən yalanı ton dəyişiklikləri ilə anlamaq olar:
* İnsan həddindən artıq detallara varır və ya əksinə, vacib məqamları gizlədir.
* Danışıqda ardıcıllıq pozulur, hekayədə boşluqlar yaranır.
Əvvəllər fasiləsiz danışan biri birdən çoxlu pauzalar verməyə başlayırsa, bu da şübhə doğura bilər. Lakin burada yorğunluq ehtimalını da nəzərə almaq lazımdır.
Yalan danışan insanlar bəzən özlərinə xas olmayan ifadələr işlədirlər: "Düzünü desəm", "Sən inanmayacaqsan" və ya "Səmimi desəm" kimi.
Psixoloq yazışmalarda da yalanın bəzi siqnallarını müəyyənləşdirib:
* Cavabların gecikməsi.
* Mətnin həddindən artıq mükəmməl, "səliqəli" hazırlanması.
* Mövzunun dəyişdirilməsi və ya verilən suallara cavabdan yayınmaq.
Müdafiəyə keçərək hücum xarakterli ifadələrdən istifadə ("Mənə inanmırsan?", "Səncə, mən yalan danışıram?").
Bundan əlavə, Storçeusov bildirib ki, daim başqalarını yalan danışmaqda ittiham edən insanlar çox zaman özləri də bu vərdişə malik olurlar.
Ekspert vurğulayıb ki, partnyora qarşı etimadsızlıq münasibətlərin sağlam əsaslara söykənmədiyini göstərir. Belə hallarda cütlüklərin səmimi dialoq qurması vacibdir, əks halda bu, münasibətlər üçün ciddi təhlükə yaradır: "Adətən belə cütlüklərdə tərəflər bir-birinə bənzəyir".
Storçeusov əlavə edib ki, yalan münasibətlərdə böhran sayılır. Əgər yalan ifşa olunsa, lakin cütlük dağılmasa, bu, münasibətlərin daha dürüst və güclü mərhələyə keçidi üçün imkan yarada bilər.
Samir