Novruz bayramının əlamətlərindən biri də səmənidir.
Səməni bolluq-bərəkət rəmzi kimi xalqımızın düşüncəsində mühüm yer tutur.
O, təbiətin oyanışını və yazın gəlişini özündə təcəssüm etdirir.
Səməninin il təhvil olunanda bayram süfrəsinə qoyulması təbiətin canlanmasından xəbər verir.
Hit.az xəbər verir ki, səməni həyat və bolluq rəmzi, baharın ilk müjdəçilərindən hesab olunur.
“Səməni, saxla məni, ildə göyərdərəm səni”, deyən ulularımız ta qədim zamanlardan onu yazın başlaması, təbiətin yenidən canlanması kimi qiymətləndiriblər.
Zaman keçdikcə, səməni də fərqli şəkildə cücərdilməyə başlandı.
Məsələn, milli ornamentimiz olan buta formasında. Burada sanki iki rəmz birləşərək, Novruz bayramının gözəlliyinə daha bir gözəllik qatır.
Bayrağımızdakı səkkizguşəli ulduz formasında səməni daha gözəl alınır.
Fərqli formalarda səmənilərin cücərdilməsi həm qadınlarımızın təxəyyülünü, həm də səliqə-sahmanını ortaya çıxarır.
Bayram mərasimlərinə, evlərə, süfrələrə daha bir gözəllik qatır.
Adətən səməni Novruz bayramına 10-15 gün qalmış qoyulur.
Düzgün qulluq edilsə, bu vaxt səməninin bayrama qədər hazır olmasına kifayət edir.
Bildiyiniz kimi, əsl səməni əksər hallarda buğdadan qoyulur. Ancaq başqa toxumlardan qoyulan səmənilər də var.
Buna misal olaraq arpa və vəzəri toxumundan qoyulan səməniləri göstərmək olar.
Fərqli toxumlardan cücərdilən səmənilərin görkəmi buğdadan qoyulmuş səmənidən fərqlənir.
Bayrama qədər buğda 8-12 sm qalxır. Bu zaman səməni hazırdır və onun perimetri boyunca səliqə ilə qırmızı lent bağlayırlar, səməninin ətrafına isə müxtəlif rəngli 7 ədəd şam düzürlər. Sonra səmənini masanın üstünə qoyurlar.
Sevinc