"CNN International" Salda gölü ilə bağlı son araşdırmaları əks etdirən məqalə dərc edib.
HİT.az xəbər verir ki, xəbərdə alimlərin Salda gölünün Yerdə Marsdakı Jezero krateri ilə oxşar geoloji və kimyəvi xüsusiyyətlərə sahib olan yeganə yer olduğunu vurğuladığı bildirilib. Salda gölü yalnız Marsın araşdırılması üçün deyil, həm də Yer tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır.
"CNN International" xəbərində ön plana çıxan məqamlar aşağıdakı kimidir:
Türkiyənin cənub-qərbində yerləşən Salda gölü yalnız təbii gözəlliyi ilə deyil, elm dünyası üçün daşıdığı əhəmiyyətlə də diqqət çəkir. Alimlərin fikrincə, Salda gölü Yerdə Marsdakı Jezero kraterinə bənzər xüsusiyyətlərə sahib olan tək ərazidir.
Beynəlxalq Geomiras Komissiyası 2024-cü ildə Salda gölünü dünyanın ən mühüm 100 geoloji ərazisi siyahısına daxil edib. Bu qərar gölün elmi dəyərinin beynəlxalq səviyyədə təsdiqlənməsini təmin edib.
Salda gölü 301 bitki növünə ev sahibliyi edir. Onlardan ikisi göl hövzəsinə məxsus endemik növlərdir. Bundan başqa, göldə üç endemik balıq növü və 30-dan çox su quşu növü yaşayır. Vəhşi donuzlar və tülkülər kimi daha geniş yayılmış heyvanlara da bölgədə tez-tez rast gəlinir.
Alimlər Salda gölünün Marsdakı Jezero krateri ilə oxşar şəraitə sahib olduğunu bildirirlər. "Purdue" Universitetindən planet elmləri üzrə professor Brioni Horgan 2019-cu ildə NASA-nın "Perseverance" kəşf aparatı komandası ilə birlikdə göldə tədqiqat aparıb. Horgan bildirib:
"Bura həqiqətən unikal bir yerdir. Sanki Marsdakı qədim bir gölün sahilində dayanmışam kimi hiss etdim".
Planet araşdırmalarında Yerdəki oxşar coğrafi quruluşlar "planet analoqu" adlanır. Marsın yüksək dəmir və maqnezium tərkibli olması səbəbindən belə bir analoqu Yer kürəsində tapmaq kifayət qədər çətindir. Lakin mütəxəssislərə görə, Salda gölü hövzəsi okean dibində yaranmış geoloji quruluşa malikdir və bu da gölü Marsla müqayisə oluna bilən edir.
Salda gölü təbiət fotoqrafları və piyada yürüş sevənlər üçün Türkiyənin ən gözəl məkanlarından biri sayılır. Tur bələdçisi Həsən Gülday bildirib:
"Saldaya səfər üçün ən yaxşı dövr yazın əvvəlidir. Bu fəsildə yaşıl ağaclar, bəyaz qumlar və turkuaz suların vəhdəti ən yaxşı şəkildə görünür".
Lakin gölü ilin istənilən vaxtında ziyarət etmək mümkündür. Qış aylarında Salda xizək mərkəzinə gedən yol, gölü panoramik şəkildə görmək üçün ən yaxşı nöqtələrdən biri kimi seçilir.
Salda gölü Burdur vilayətinin ərazisində yerləşir və Dənizliyə olduqca yaxındır. Bölgədə araşdırıla biləcək çox sayda təbii və tarixi məkan mövcuddur. Tur bələdçiləri UNESCO Dünya İrsi Müvəqqəti Siyahısında yer alan Kibyra və Sagalassos antik şəhərlərinin ziyarət edilməsini tövsiyə edirlər. Dəmir dövrünə qədər uzanan tarixi ilə Kibyra, mühüm ticarət yollarının kəsişmə nöqtəsində yerləşib və müxtəlif sivilizasiyaların izlərini daşıyır. Sagalassos isə 12 min illik tarixi ilə diqqət çəkir. VI əsrdə baş vermiş epidemiyalar, istilalar və zəlzələlər səbəbindən tərk edilən bu şəhər, yerləşdiyi mövqe sayəsində günümüzə qədər böyük ölçüdə qorunub saxlanılıb.
Samir