Cümə günü əməliyyat olmaq daha risklidirmi?

MARAQLI
21:58 / 10.03.2025
54

Yeni bir araşdırma cərrahi əməliyyatların keçirildiyi gün ilə ağırlaşma riskləri arasında diqqətçəkən bir əlaqə olduğunu ortaya qoyub. 

HİT.az xəbər verir ki, tədqiqatçılar cümə günü edilən əməliyyatlarda ölüm və ağırlaşma hallarının niyə daha yüksək olduğunu araşdırıblar.

Əgər yaxın zamanda əməliyyat keçirməyi planlaşdırırsınızsa, bu araşdırmanı öyrəndikdən sonra tarix seçiminizə daha çox diqqət yetirmək istəyə bilərsiniz. Tədqiqatın nəticələrinə görə, cümə günləri aparılan əməliyyatlar digər günlərə nisbətən daha yüksək ağırlaşma və ölüm riski ilə əlaqələndirilir.

Qısa müddət əvvəl "JAMA Network Open" jurnalında dərc edilən genişmiqyaslı araşdırmaya əsasən, cümə günü edilən cərrahi müdaxilələr ölüm, xəstəxanaya təkrar qəbul və digər ağırlaşmalar baxımından 5% daha çox risk daşıyır. Bu "həftəsonu effekti" xüsusilə planlaşdırılan (elektiv) əməliyyatlar və bir çox cərrahiyyə sahəsində nəzərə çarpır.

Tədqiqat Kanadanın Ontario bölgəsində 2007–2019-cu illər arasında bazar ertəsi və cümə günləri həyata keçirilmiş 25 fərqli cərrahi proseduru analiz edib və təxminən 430.000 xəstənin məlumatlarını araşdırıb. Toplanmış məlumatlar həkimlərin təcrübəsi, yaşı kimi detallar və həftəsonu təsirinin qısa (30 gün), orta (90 gün) və uzunmüddətli (1 il) nəticələr üzərindəki təsirlərini hərtərəfli şəkildə qiymətləndirib. Nəticələr, cümə gününün əməliyyat üçün ən riskli gün olduğunu göstərib.

Tədqiqatçılar cümə günü əməliyyatların daha riskli olmasının bir neçə əsas səbəbini vurğulayır:

Kadr çatışmazlığı: Həftəsonu yaxınlaşdıqca xəstəxanalardakı tibbi personalın sayı azalır. Bu, ağırlaşmaların vaxtında müəyyən olunmasını və müdaxilə edilməsini çətinləşdirir.

Daha az təcrübəli cərrahlar: Cümə günləri əməliyyatlarda nisbətən daha az təcrübəli, aşağı rütbəli cərrahların iştirak etmə ehtimalı daha yüksəkdir. Bundan əlavə, həftəsonuna yaxın baş cərrahlarla məsləhətləşmə imkanları azalır.

Məhdud qaynaq və xidmətlər: Həftəsonları xəstəxanalarda laboratoriya testləri, diaqnostik prosedurlar və təcili müdaxilə imkanları məhdudlaşır.

Xəstələrin xəstəxanada qalma müddəti: Cümə günü əməliyyat olunan xəstələrin şənbə və ya bazar günü evə buraxılma ehtimalı daha azdır, bu isə onların xəstəxanada uzun müddət qalmasına və infeksiya riskinin artmasına səbəb ola bilər.

Tədqiqatın müəllifləri bu nəticələrin cərrahiyyə planlamasında dəyişikliklər edilməsini vacib etdiyini bildirirlər. Onlar qeyd edirlər ki, "Səhiyyə sistemləri, əməliyyatın hansı gün aparılmasından asılı olmayaraq, bütün xəstələr üçün yüksək keyfiyyətli tibbi yardımın təmin olunmasına zəmanət verməlidir."

Bu səbəbdən əməliyyat tarixinizi seçərkən Cümə günündən çəkinmək və daha uyğun bir gün təyin etdirmək barədə həkiminizlə məsləhətləşməyiniz faydalı ola bilər.

Samir

0