Boston Universitetinin tədqiqatçısı Pavel Krapivski məşhur "katibə problemi"ni yenidən nəzərdən keçirərək işə qəbul prosesləri üçün yeni riyazi model təklif edib.
HİT.az xəbər verir ki, araşdırma 2Journal of Statistical Mechanics Theory and Experiment" (JSMTE) jurnalında dərc olunub.
Klassik versiyada "şahzadə" 100 namizəd arasından öz "ərini" seçməlidir, lakin hər biri ilə yalnız bir dəfə görüşə bilər və qərarını dərhal verməlidir. Optimal strategiya ilk 37 namizədi sadəcə müşahidə edib heç birini seçməmək, daha sonra isə əvvəlkilərdən üstün olan ilk şəxsə üstünlük verməkdir.
Krapivski bu yanaşmanı korporativ işə qəbul prosesinə tətbiq edib. Şirkətlər namizədləri ardıcıl olaraq dəyərləndirir, lakin geri qayıdıb əvvəlcə rədd edilənləri yenidən seçmək imkanı olmur. Onun modelində işəgötürən işçini işdən çıxara bilmir ki, bu da qərar qəbulunu daha da mürəkkəbləşdirir.
Araşdırmada üç işə qəbul strategiyası nəzərdən keçirilib:
Maksimum inkişaf strategiyası – yalnız əvvəlki bütün namizədlərdən üstün olan işçi qəbul edilir.
Orta inkişaf strategiyası – namizədin artıq işə götürülənlərin orta səviyyəsindən yaxşı olması kifayətdir.
Lokal strategiya – namizəd yalnız təsadüfi seçilmiş kiçik bir işçi qrupları ilə müqayisə olunur.
Bu strategiyalardan hansının daha optimal olması şirkətin prioritetlərindən asılıdır. Əgər əsas məqsəd yüksək keyfiyyətli işçilər tapmaqdırsa, maksimum inkişaf strategiyası daha uyğundur, lakin bu, işə qəbul prosesini ləngidə bilər. Əgər balansı qorumaq vacibdirsə, orta inkişaf strategiyası məqbul sayılır. Əgər sürət prioritetdirsə, lokal strategiya daha effektivdir.
Krapivski qeyd edir ki, bu model reallığın sadələşdirilmiş versiyası olsa da, prinsipləri yalnız işə qəbulda deyil, sosial şəbəkə alqoritmlərində, kontent seçim sistemlərində və hətta "YouTube" tövsiyələrində də tətbiq oluna bilər.
Samir