Böyük Britaniyanın Anglia Ruskin Universitetinin alimləri müəyyən ediblər ki, Australopithecus afarensis – qədim insan əcdadları – sürətli qaçış qabiliyyətinə malik olmayıb. Bu isə onların aktiv ov etməsi və ya yırtıcılardan qaçması ilə bağlı mövcud hipotezləri şübhə altına alır.
HİT.az xəbər verir ki, araşdırmanın nəticələri "The Conversation" portalında dərc edilib.
Australopitekler təxminən 2,9–3,9 milyon il əvvəl Şərqi Afrikada yaşayan erkən hominidlər olub. Onların ikiayaqlı hərəkət etmə bacarığı 1974-cü ildə Efiopiyada tapılmış və Lüsi adlandırılmış fərdin skeleti ilə təsdiqlənib. Lakin onların qaçış qabiliyyəti indiyədək müəmmalı qalır.
Alimlər 3D modelləşdirmə vasitəsilə Lüsi skeletinin tam rekonstruksiyasını aparıblar. Skeletin çatışmayan hissələrini isə digər australopitek qalıqlarının məlumatları əsasında tamamlayıblar.
Daha sonra tədqiqatçılar əzələləri və yumşaq toxumaları modelləşdirərək, onların xüsusiyyətlərini meymunlarla insanlara uyğun şəkildə dəyişərək qaçış sürətini və enerji sərfiyyatını qiymətləndiriblər.
Simulyasiya göstərib ki, australopiteklerin maksimum qaçış sürəti saatda 17,7 kilometrdən çox olmayıb. Bu göstərici müasir insanların orta sürətindən təxminən iki dəfə aşağıdır (rekord sürət – 32 km/saat).
Bundan əlavə, australopiteklerin qaçış zamanı enerji sərfiyyatı insanlarla müqayisədə 1,7–2,9 dəfə çox olub.
Müasir insanlara qaçışda böyük üstünlük verən uzun Aşil vətəri australopiteklerde ya olmayıb, ya da zəif inkişaf edib.
Bu kəşf göstərir ki, Australopithecus afarensis uzun müddət ov edə və ya təhlükəli yırtıcılardan, məsələn, qılıncdişli pişiklərdən sürətlə qaçıb xilas ola bilmirdi. Bu isə onların aktiv ovçu olması ilə bağlı hipotezləri təkzib edir. Əksinə, bu qədim hominidlərin əsasən daha çevik yırtıcıların ov qalıqları və leşlə qidalandığını ehtimal etməyə əsas yaradır.
Bu araşdırma erkən insanlarda qaçış qabiliyyətinin necə təkamül etdiyini daha yaxşı anlamağa kömək edir. Alimlərin fikrincə, uzun Aşil vətərinin inkişafı və əzələlərin optimallaşması daha gec – təxminən 2–1 milyon il əvvəl yaşamış Homo erectus kimi Homo cinsinə aid növlərdə baş verib.
Samir