Amerikalı alimlər Klivlend Təbiət Tarixi Muzeyi və Kent Dövlət Universitetindən daş alətlərin yaranmasına dair yeni hipotez irəli sürüblər. Onların iddiasına görə, ilk insanlar əvvəlcə təbii olaraq iti kənarları olan daşlardan istifadə ediblər və yalnız bundan sonra öz alətlərini düzəltməyə başlayıblar.
HİT.az xəbər verir ki, araşdırmanın nəticələri "Archaeometry" elmi jurnalında dərc edilib.
Tədqiqatçılar Keniya və Oman da daxil olmaqla dünyanın müxtəlif yerlərində aparılan sahə işləri zamanı "naturalit" adlanan iti daşların təbiətdə geniş yayılmış olduğunu müəyyən ediblər.
Alimlər hesab edirlər ki, qədim insanlar əvvəlcə bu təbii iti daşlardan kəsmə əməliyyatlarında istifadə edib, daha sonra isə məhz bu təcrübə onları məqsədli şəkildə daş alətlər düzəltməyə təşviq edib.
Məsələn, daşları yonmaq üçün mümkün motivasiyalardan biri məhdud ehtiyatlar şəraitində yeni iti alətlər əldə etməyin zəruriliyi ola bilərdi.
Digər ehtimal isə təbiətin yaratdığı iti daşların xüsusiyyətlərini təkmilləşdirmək məqsədilə insanların artıq axtarışa vaxt və enerji sərf etmək əvəzinə, öz istədikləri xüsusiyyətlərə malik daş parçaları hazırlamağa başlamasıdır.
Yeni hipotez daş texnologiyalarının mənşəyini əvvəlki nəzəriyyələrə nisbətən daha iqtisadi izahla açıqlayır. İndi arxeoloqlar bu fikri yoxlamaq üçün 3-6 milyon il əvvələ aid dövrlərdə naturalitlərdən istifadəyə dair sübutlar axtarmalıdırlar.
Samir