Yaz mövsümü qarderob yeniləməyin və ağır qış çəkmələrini kənara qoyaraq yüngüllüyə və incəliyə üstünlük verməyin vaxtıdır. Bu sezon dizaynerlər klassik üslubdan uzaqlaşaraq materiallar, teksturalar və rənglərlə eksperiment aparırlar. Rahatlıq, zəriflik və parlaq detalların harmoniyasını özündə birləşdirən ayaqqabılar bu baharın əsas trendlərindən olacaq.
HİT.az xəbər verir ki, "Who What Wear" stilistləri yaz mövsümündə aktual olacaq ayaqqabı modellərini açıqlayıb. Ənənəvi rahat idman ayaqqabıları trenddə qalmaqda davam etsə də, yüksək dabanlı və zərif modellər də populyarlıq qazanır.
1. Atlas baletkalar
Hamar tekstura və ipək kimi yüngül parlaqlıq bu ayaqqabıları mövsümün ən zərif trendlərindən birinə çevirir. Belə baletkalar və mullar gecə tədbirləri və xüsusi günlər üçün ideal seçimdir, hər bir geyimə eleqantlıq və incəlik qatır. Lakin nəzərə almaq lazımdır ki, atlas materialı yağışlı hava üçün praktiki deyil və daha çox xüsusi hallara uyğun ayaqqabıdır.
2. Qapalı burunlu slingbeklər
Klassik və müasir üslubu birləşdirən bu model qapalı burun sayəsində sərin havada rahatlıq təmin edir, açıq daban isə yüngüllük hissi yaradır. Onlar biznes üslublu kostyumlarla, axşam geyimləri ilə və hətta geniş cinslərlə mükəmməl uyğunlaşır. Alçaq dabanlı olduqları üçün həm rahatdır, həm də görünüşə incəlik və zəriflik qatır.
3. Parlaq idman ayaqqabıları
İdman ayaqqabıları artıq uzun müddətdir ki, gündəlik qarderobun ayrılmaz hissəsinə çevrilib. Lakin bu mövsümdə onlar xüsusilə populyardır. Trendlərdə smaragd yaşıl, albalı qırmızı, elektrik mavisi və pastel tonları üstünlük təşkil edir. Bu cür modellər obrazı canlandırır, maksimal rahatlıq təmin edir və eyni zamanda üslubdan geri qalmamağa kömək edir.
4. Torlu ayaqqabılar
Ötən ildən dəbdə olan bu tendensiya hələ də aktualdır. Torlu baletkalar və sandallar geyimlərə incəlik və havadarlıq qatır. Belə ayaqqabılar xüsusilə isti yaz günləri üçün idealdır və klassik kostyumlarla, cinslərlə, yüngül ətəklərlə və bermuda şortlarla gözəl uyğunlaşır.
5. Tonq sandallar və vietnamkalar
Sadə, minimalist, amma eyni zamanda ultra dəbli – 2000-ci illərin populyar trendi olan nazik qayışlı sandallar və vietnamkalar yenidən qayıdır. Uzun ətəklər, şortlar və hətta rəsmi kostyumlarla birləşdirilərək müasir və şıq tərz yaratmaq mümkündür. Əvvəllər yalnız çimərlik üçün nəzərdə tutulan vietnamkalar artıq şəhər dəbinin bir hissəsinə çevrilib.
Bu yaz mövsümündə ayaqqabılarınızda rahatlığı və dəbi bir araya gətirən modellərə üstünlük verin!
Samir