2025-ci ilin Pasxa bayramı ərəfəsində Avropada hava nəqliyyatında böyük sıxlıq gözlənilir. Çoxsaylı turistlər bu fürsətdən istifadə edərək ailələri ilə vaxt keçirmək və ya kiçik istirahət səyahətinə çıxmaq niyyətindədirlər.
HİT.az xəbər verir ki, bu səbəbdən, "Daily Express" nəşrinin turizm üzrə ekspertləri sərnişinlərə təyyarədə riayət olunmalı dörd vacib qaydanı xatırladıblar. Bu qaydaların pozulması ciddi cəzalarla, o cümlədən böyük cərimələrlə və ya hətta həbs riski ilə nəticələnə bilər.
1. Təyyarəyə sərxoş minməyin
Bir çox sərnişin üçün səyahət öncəsi hava limanında spirtli içki qəbul etmək adət halını alıb. Lakin bu vərdiş yalnız sağlamlıq baxımından deyil, hüquqi baxımdan da ciddi problemlər yarada bilər. Məsələn, sərxoş sərnişinlər səbəbindən reysin marşrutu dəyişdirilə bilər və bu da həmin şəxs üçün ciddi maliyyə məsuliyyəti deməkdir. "Ryanair" şirkəti bu hallarda sərnişinlərə 15 min avroya qədər cərimə tətbiq edə bilər.
"EasyJet" və "Wizz Air" kimi aviaşirkətlər son dövrlərdə alkoqol səbəbilə problem yaradan sərnişinləri tez-tez təyyarədən uzaqlaşdırırlar.
2. Təyyarədə siqaret çəkməyin
Təxminən 50 il əvvəl təyyarədə siqaret çəkmək adi hal sayılırdısa da, bu gün bütün kommersiya reyslərində siqaret çəkmək qadağandır. Bu qadağanın pozulması yanğın təhlükəsi ilə yanaşı, yüksək cərimələr və bəzi hallarda cinayət işinin açılması ilə nəticələnə bilər.
3. Təhlükəsizlik qaydalarına əməl edin
Bort bələdçilərinin göstərişlərinə əməl etməmək, məsələn, “kəmərinizi bağlayın” işarəsini görməzlikdən gəlmək, ciddi nəticələrə səbəb ola bilər. Ekipaj üzvləri qayda pozan sərnişinləri saxlayaraq onların hərəkət azadlığını məhdudlaşdıra bilər. Zərurət yaranarsa, pilot uçuş marşrutunu dəyişdirə və ya hava limanına geri qayıda bilər.
Ekspertlər bildirirlər ki, "Bort bələdçiləri nə qədər gülərüz və mehriban görünsələr də, uçuş təhlükəsizliyini təmin etmək üçün geniş səlahiyyətlərə malikdirlər".
4. Təyyarədə elektron siqaret (veyp) istifadə etməyin
"British Airways", "Jet2", "EasyJet", "Ryanair" və "Wizz Air" daxil olmaqla bir çox aparıcı aviaşirkət veyp istifadəsini qəti qadağan edib. Bu qaydanı pozan sərnişinlərə böyük cərimələr, həmin aviaşirkətlə gələcəkdə uçuş qadağası və hətta polisə şikayət riski gözləyir.
Xatırladaq ki, daha əvvəl "Ryanair"in rəhbəri Maykl O'Liri Avropa üzrə hava limanlarında alkoqol satışına məhdudiyyətlərin tətbiqini tələb etmişdi. O, sərxoş sərnişinlərin təyyarələrdə tez-tez qalmaqal yaratdığını və reyslərin gecikməsinə səbəb olduğunu bildirmişdi.
Samir