Bitkilərin gözlənilməz təhlükəsi: Yarpaqlar atmosferdən mikroplastik udur

MARAQLI
19:58 / 15.04.2025
60

Çinin Nankay Universitetindən olan tədqiqatçılar ilk dəfə olaraq sübut ediblər ki, bitkilərin yarpaqları atmosferdən birbaşa mikroplastik hissəcikləri uda bilir. Bu, plastik polimerlərin bitki örtüyündə geniş yayılmasına səbəb olur. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri "Nature" jurnalında dərc edilib.

Alimlər həm sahə müşahidələri, həm də laboratoriya təcrübələri aparıblar. Onlar şəhər ərazilərindən və kənd təsərrüfatı sahələrindən toplanan yarpaqlarda əhəmiyyətli miqdarda polietilentereftalat (PET) və polistirol (PS) aşkar ediblər. Plastik hissəcikləri bitki toxumalarının içinə nüfuz edərək damar strukturlarında və trixoma kimi xüsusi hüceyrələrdə toplanır.

İndiyədək mikroplastikin bitkilərə əsasən kök sistemi vasitəsilə keçdiyi düşünülürdü. Lakin yeni araşdırma göstərib ki, yarpaqlar vasitəsilə udulma və hissəciklərin bitki daxilində yayılması xüsusilə çirklənmiş ərazilərdə daha əhəmiyyətli ola bilər.

Xüsusilə Tyançzin şəhərindəki dakron fabrikinin və zibilliyin yaxınlığında quru yarpaqlarda mikroplastik konsentrasiyası bir qramda on minlərlə nanograma çatıb ki, bu da universitet kampusundakı göstəricilərdən 100 dəfə çoxdur. Eyni hallar polistirol üçün də müşahidə olunub.

Müəlliflər həmçinin doqquz növ yarpaqlı tərəvəz bitkisində mikroplastik izləri aşkarlayıblar. Açıq sahədə yetişdirilən bitkilərdə plastik hissəciklərin miqdarı istixana şəraitində yetişdirilənlərə nisbətən xeyli yüksək olub. Ən çox toplanma isə bitkinin xarici və yaşlı yarpaqlarında müşahidə olunub, bu da zamanla yığılıb qalma təsirini göstərir.

Alimlərin fikrincə, bu nəticələr narahatedicidir: atmosfer çirklənməsi mikroplastiklərin bitkilərə keçməsi üçün vacib və indiyədək lazımi qədər diqqət yetirilməmiş bir yoludur. Yarpaqlar yerüstü qida zəncirinin əsasını təşkil etdiyindən, onların toxumalarında mikroplastiklərin olması nəinki bitkilərin özlərinə, həmçinin heyvanlara, həşəratlara və insanlara da mənfi təsir göstərə bilər.

Samir

0