Amerikalı alimlər nadir kosmik hadisə qeydə alıblar: BD+05 4868 Ab adlı ekzoplanet öz ulduzunun yaxın orbitində buxarlanaraq tədricən yoxa çıxır.
HİT.az xəbər verir ki, tədqiqat nəticələri "Astrophysical Journal Letters" (AJL) elmi jurnalında dərc olunub.
Bu planet Pegas bürcündə, Yerdən 140 işıq ili məsafədə yerləşir və arxasında təxminən 9 milyon kilometr uzunluğunda nəhəng mineral toz quyruğu buraxır. BD+05 4868 Ab ölçüsünə görə Merkuri ilə Ay arasında yer tutur və narıncı cırtdan ulduz ətrafında cəmi 30,5 saat ərzində tam dövr edir. Onun ulduza olan məsafəsi Merkuri ilə Günəş arasındakı məsafədən 20 dəfə daha azdır.
Planetin səthi təxminən 1600°C-yə qədər qızır, bu da daş süxurların magmaya çevrilməsinə səbəb olur. Hər dövrdə planet Everest dağının kütləsinə bərabər – təxminən 350 milyard ton kütlə itirir. Bu buxarlanma nəticəsində yaranan toz quyruğu astronomlar üçün olduqca cəlbedici araşdırma obyektiyə çevrilib.
Kəşf TESS (Transiting Exoplanet Survey Satellite) adlı kosmik teleskop vasitəsilə həyata keçirilib. Planetin ulduz qarşısından keçidi zamanı ulduzun parlaqlığındakı periodik azalmalar müşahidə olunub.
Alimlər güman edirlər ki, bu planet əvvəlcə ulduzdan daha uzaqda formalaşıb, lakin başqa bir göy cisminin qravitasiya təsiri nəticəsində bu gün olduğu ekstremal yaxınlığa sürüklənib.
Alimlər bu planetin buxarlanmış maddəsinin kimyəvi tərkibini “James Webb” kosmik teleskopu vasitəsilə araşdırmağı planlaşdırırlar. Tədqiqatçılar planetin qabıq, mantiya və ya nüvə qatlarından gələn mineralları aşkarlamağa ümid edirlər. Bu isə yer tipli ekzoplanetlərin geologiyasını öyrənmək üçün unikal imkan yaradır – heç bir kosmik missiyaya ehtiyac olmadan.
Bu müşahidələr planetlərin ekstremal şəraitdə necə parçalandığını və planet sistemlərinin təkamül mexanizmlərini anlamaq üçün mühüm dəyər daşıyır. Buxarlanan planet BD+05 4868 Ab, ulduz cazibəsinin planetlər üzərində necə dağıdıcı təsir göstərə biləcəyini əyani şəkildə nümayiş etdirir.
Samir