Almaniyada taqətsiz sincablar kütləvi şəkildə ağaclardan düşür: Səbəb nədir?

MARAQLI
12:33 / 29.04.2025
54

Almaniyada uzunmüddətli quraqlıq səbəbindən sincablar susuzluq və taqətsizlikdən sözün əsl mənasında ağaclardan yerə düşməyə başlayıblar. Bu problem digər kiçik meşə sakinlərinə — kirpilərə və quşlara da təsir edib. 

HİT.az xəbər verir ki, bu barədə "BILD" nəşri məlumat yayıb.

"Yavaş-yavaş yox olma prosesi artıq başlayıb", deyə Berlin və Brandenburqda sincabların xilas edilməsi təşkilatının rəhbəri Tanja Lenn bildirib.

Onun sığınacağında hazırda xəstə və taqətsiz heyvanlara qulluq edilir və daha sonra onlar təbiətə qaytarılmağa çalışılır. Lennin sözlərinə görə, sincablar ağacdan düşdükdən sonra tez-tez susuzluqdan əzgin halda yerə sərilmiş vəziyyətdə tapılır. Ekoaktivist insanları bağlarda və eyvanlarda düz, dayaz su qabları qoymağa çağırıb ki, bu yolla heyvanlara kömək edilsin.

Qeyd olunur ki, istidən başqa robotlaşdırılmış otbiçənlər də ciddi təhlükə yaradır — zəif heyvanlar onlardan qaçmağa macal tapmır və həyatlarını itirirlər. Lenn bağ sahiblərinin ağacları kəsmək, dekorativ bitkilər əkmək və sincablar üçün ölümcül zəhərli ola biləcək təhlükəli gübrələrdən istifadə etmək vərdişini də tənqid edib.

Eyni zamanda, iqlim dəyişikliyi vəziyyəti daha da ağırlaşdırır — sincablar qış yuxusuna normal şəkildə gedə bilmirlər, çünki qışlar çox isti keçir. Lenn əlavə edib:

"Sincabların mənfi temperaturda yatmağa ehtiyacı var. Tam dincələ bilmədikləri üçün heyvanlar stres yaşayır, daha tez xəstələnir və ehtiyatlarını toplamağa imkan tapmırlar".

Samir

0