Bəzi ilanlar, məsələn, yerqurdu görkəmində olan "Brahman kor ilanı" demək olar ki, tamamilə kor olsa da, əksər ilanlar normal görmə qabiliyyətinə malikdir. Lakin üç əsas ilan ailəsi yalnız gözləri ilə deyil, istilik hissiyatı vasitəsilə də ov edir.
HİT.az xəbər verir ki, "Herpetoloq" Skott Trevers "Forbes" üçün yazdığı məqaləsində bu ailələrin boa (Boidae), piton (Pythonidae) və çuxurbaşlı gürzələr (Crotalinae) olduğunu bildirir.
Boaların üst dodaqları boyunca yerləşən kiçik çuxurlarda infraqırmızı şüalanmaya həssas membranlar mövcuddur. Bu sayədə onlar tam qaranlıqda belə isti qanlı ovlarını hiss edə bilirlər.
Pitonların da oxşar istilik sensorları var: onların çənə boyunca yerləşən istilik detektorları ətraf mühiti bir növ "istilik sahəsi" şəklində "görməyə" imkan verir.
Ən inkişaf etmiş istilik hiss sistemi isə çuxurbaşlı gürzələrdədir. Onların gözləri və burun dəlikləri arasında yerləşən dərin çuxurlar istilikdən ibarət sadələşdirilmiş "mühit xəritəsi" yaradır. Alimlər qeyd edir ki, bu tam mənada "istilik görməsi" olmasa da, ona çox yaxın bir sistemdir.
İstilik hissi ilə ov edən üç ilan:
1. Kral pitonu (Python regius)
Qərbi və Mərkəzi Afrikadan gələn kral pitonu ev heyvanı kimi də məşhurdur. Təbiətdə isə bu piton pusqu qurar və istilik hissiyyatı ilə ov edir. Pitonun yuxarı dodağı boyunca yerləşən çuxurlar incə infraqırmızı dəyişiklikləri aşkarlayır:
"Bu, gecə görməsi deyil. Hətta görmə belə deyil. Amma doğru şəraitdə işini görmək üçün kifayət edir," – deyə bioloq bildirir.
2. Boa (Boa constrictor)
Pitonun ağır qohumu olan boa, Mərkəzi və Cənubi Amerikada yaşayır. O da istilik sensorlarından istifadə edərək isti qanlı ovlarını tapır. Boalarda aydın dodaq çuxurları olmasa da, bəzi alt növlər, məsələn, "zümrüd ağac boası" belə çuxurlara malikdir. İstilik hiss etmə qabiliyyəti boalarda və pitonlarda müstəqil şəkildə, yəni konvergent təkamül nəticəsində yaranmışdır.
Boalar da pusqu ustasıdır və istiliklə ovlarını aşkarlayır:
"Bir hərəkət. Bir istilik işartısı. Zərbə sürətli, tutuş isə amansızdır", deyə Trevers qeyd edir.
3. Şərq almazlı çıqqıldayan ilanı (Crotalus adamanteus)
Şimali Amerikanın ən böyük zəhərli ilanı olan şərq almazlı çıqqıldayan ilanı ABŞ-ın cənub-şərqində yaşayır. Bu ilan son dərəcə inkişaf etmiş istilik sensorlarına malikdir. Çuxur bölgəsindəki dəri digər nahiyələrə nisbətən infraqırmızı şüalanmanı daha yaxşı ötürür və təbii infraqırmızı filtr kimi fəaliyyət göstərir.
İlanın beynində istilik siqnalları inteqrasiya edilir və bu, dəqiq mühit algısına imkan yaradır.
Şərq almazlı çıqqıldayan ilanı 1,8 metrə qədər uzana bilir və ölümcül sancma qabiliyyətinə malikdir. O, palıd meşələri, şam meşələri və ya sahil qumluqlarında isti qanlı ovlarını gözləyərək pusquda durur:
"Zərbə sürətlidir. Zəhər ölümcül təsir edir. İstiliyi təyin etməkdəki yüksək dəqiqlik sayəsində şərq almazı nadir hallarda hədəfdən yayınır", deyə ekspert vurğulayır.
Samir