Ənənəvi acı dad anlayışımız dəyişmək üzrədir: yeni kəşf olunan bir göbələk indiyə qədər tanınan bütün acı dadları kölgədə qoyur. Elə bu qədər güclüdür ki, su belə bu acını azaltmaqda aciz qalır.
Valyut.az xəbər verir ki, uzun illərdir yaponların məşhur acı sousu olan "wasabi" dünyanın ən acı dadı kimi tanınıb. Lakin Münhen Texniki Universitetinin alimləri tərəfindən aparılan yeni araşdırma bu statusun dəyişə biləcəyini göstərir. Araşdırmaya görə, "wasabi"nin yanında olduqca yüngül qalan yeni, son dərəcə güclü bir acı dad maddəsi aşkar edilib.
İnsanlar acı, şirin, turş və duzlu kimi əsas dadları dilimizdəki xüsusi reseptorlar vasitəsilə hiss edirlər. İndiyə qədər təcrübə etdiyimiz bütün acı dadlar, bu yeni tapılan maddə ilə müqayisədə çox zəif görünür.
Alimlərin araşdırmalarına əsasən, Amaropostia stiptica adlı göbələk növü rəsmi olaraq dünyanın ən acı dadına sahibdir. İngiltərə başda olmaqla bir çox ərazidə yayılmış bu "acı göbələk" zəhərli olmasa da, o qədər kəskin və sərt acılığa malikdir ki, tədqiqatçılar bu təsirin arxasındakı kimyəvi mexanizmi təhlil etməyə qərar veriblər.
Araşdırmalar nəticəsində bu mantarda daha əvvəl məlum olmayan üç fərqli acı kimyəvi maddə aşkarlanıb. Bunlardan biri - Oligoporin D - hazırda elmi ictimaiyyət tərəfindən bilinən ən güclü acı maddə hesab olunur.
Oligoporin D ağızdakı TAS2R46 adlı acılıq reseptorlarını aktivləşdirir. Maraqlıdır ki, bu reseptorlar yalnız acını hiss etməklə kifayətlənmir, eyni zamanda orqanizmin zərərli və zəhərli maddələri aşkar etməsində də rol oynayır. Bu da insan bədəninin təhlükəli maddələrə qarşı inkişaf etdirdiyi təkamülə əsaslanan müdafiə mexanizminin bir parçasıdır.
Bu maddənin təsiri o qədər güclüdür ki, yalnız bir qramı 106 vanna dolusu suya qarışdırılsa belə, acılığı hələ də hiss edilə bilir. Yəni bir gün bu mantarı yeməyi düşünərsinizsə, suyun bu acını azaltmayacağını əvvəlcədən bilməniz vacibdir.
Alimlər uzun müddətdir ki, acı dadın təkamüldə mühüm bir funksiyası olduğuna inanırlar: bizi potensial zərərli və ya zəhərli maddələri qəbul etməkdən çəkindirmək. Bu nəzəriyyəyə görə, ağızda hiss olunan kəskin acılıq bədəni təhlükədən qoruyan təbii bir xəbərdarlıq mexanizmi rolunu oynayır.
ŞanxayTex Universiteti tədqiqatçılarının apardığı bir araşdırma da bunu dəstəkləyir. Onlar müəyyən ediblər ki, Oligoporin D tərəfindən aktivləşdirilən TAS2R46 reseptoru, eyni zamanda ölümcül zəhər olan striknin tərəfindən də stimullaşdırılır. Bu da acı və zəhər arasındakı əlaqənin nə qədər güclü olduğunu sübut edir.
Ancaq bütün acı maddələr zəhərli deyil. Məsələn, qırmızı bibər kimi bəzi faydalı tərəvəzlər də çox acı olsa da, insan sağlamlığı üçün faydalıdır. Bu səbəblə, "zəhər kimi acı" ifadəsi hər zaman faktiki zəhərlənməyə işarə etməsə də, təkamül baxımından mənalı bir əsas daşıya bilər.
Nəticə olaraq, dünyanın ən acı maddəsi artıq "wasabi" deyil; Amaropostia stiptica göbələkdən əldə edilən Oligoporin D-dir. Bu yeni kəşf bir daha sübut edir ki, acı dad yalnız kulinariya təcrübəsi deyil, həm də təbiətlə mübarizəmizdə qədim bir xəbərdarlıq siqnalıdır.
Samir