120 milyon il əvvəl yaşamış tirannozavrın əcdadının yerimə tərzi ilk dəfə bərpa edildi

MARAQLI
12:39 / 15.05.2025
52

Avstraliya və Çin alimlərindən ibarət beynəlxalq tədqiqat qrupu qədim dövr yırtıcı dinozavrın hərəkətini ilk dəfə rəqəmsal modelləşdirmə vasitəsilə canlandırıb. Araşdırma Çin Xuan əyalətində aşkar edilmiş, ikiayaqlı yırtıcıya məxsus “Feniks izi” adlı ən uzun iz zənciri əsasında aparılıb. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri “Geosciences” elmi jurnalında dərc olunub.

Əvvəllər yerli əfsanələr bu izləri mifoloji “feniks” quşu ilə əlaqələndirsə də, mütəxəssislər onların erkən Təbaşir dövründə yaşamış, tüklü və “yuti­rannus” adlı dinozavr növünə bənzəyən əcdad yırtıcıya aid olduğunu müəyyən ediblər. Bu növ, sonralar yaranmış məşhur tirannozavrın ilk nümayəndələrindən biri hesab olunur.

Alimlərin araşdırdığı “Feniks izi” ardıcıl 80 addımdan ibarətdir və 70 metr uzunluğundadır. Bu izlər qədim ətyeyənin hərəkətini addım-addım təhlil etməyə imkan verib. Rəqəmsal animasiya texnologiyası sayəsində tədqiqatçılar dinozavrın necə yeridiyini, sürətləndiyini və ətraf mühitə necə reaksiya verdiyini vizual şəkildə müşahidə edə biliblər.

Analizlər göstərib ki, bu dinozavr iki ayaqla yeriyib, boyu 1,13 metr, çəkisi isə təxminən 292 kiloqram olub. Onun orta hərəkət sürəti saatda 5,3 kilometr olub ki, bu da insanın sürətli yeriməsinə uyğundur. Qısa bir məsafədə yüngül qaçışa keçsə də, sonradan yenidən adi sürətinə qayıdıb. Tədqiqatçılar qeyd ediblər ki, dinozavr düz xətt üzrə hərəkət edib, bu da onun məqsədyönlü hərəkət etdiyini göstərir.

Samir

0