Qısa və sürətli mesajlaşma vərdişləri sosial münasibətlərimizə düşündüyümüzdən daha çox təsir edir. Xüsusilə “k” kimi tək hərflik cavablar rəqəmsal ünsiyyətdə qarşı tərəfə nə kimi mesaj verir? Araşdırmalar bu cür cavabların göründüyündən fərqli məna daşıya biləcəyini ortaya qoyur.
HİT.az xəbər verir ki, müasir dövrdə ünsiyyətin böyük hissəsi rəqəmsal mühitdə baş verir. WhatsApp, Instagram, Telegram kimi tətbiqlər sayəsində mesajlaşma gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin yazdığımız sözlər, qısaltmalar və simvollar düşündüyümüzdən çox daha dərin mənalar daşıyır və sosial əlaqələrimizə birbaşa təsir edə bilər.
"K" cavabı – soyuqluq və maraqsızlıq simvolu
Son illərdə aparılan araşdırmalar göstərir ki, ingilis dilində “okey” və ya “tamam” mənasını verən tək “k” hərfi sosial olaraq mənfi qarşılanır. Xüsusilə gənclər və tez-tez rəqəmsal ünsiyyətdə olanlar bu cavabı laqeydlik, soyuqluq və bəzən hətta alçaldıcı bir ifadə kimi qəbul edirlər.
Təkcə “k” deyil, “ok”, “sure” və “alright” kimi qısa cavablar da bəzən yetərsiz, məsafəli və ya vecsiz şəkildə yozula bilir. International Journal of Mobile Communication jurnalında dərc edilən bir araşdırmada qeyd olunub ki, “k” ilə cavab vermək hətta qarşı tərəfin mesajını oxuyub cavab verməməkdən (“görüldü”də qoymaqdan) belə daha mənfi təsir bağışlayır.
Bəzən insanlar qəsdən bu cavabdan istifadə edərək qarşı tərəfə əsəbilik və ya maraqsızlıq hiss etdiklərini göstərirlər. Xüsusilə gərgin və ya narahatedici söhbətlər zamanı bu cür “çıxışsız cavablar” (məsələn, “k”, “lol”, “cool”) söhbətin davamını əngəlləyir və ünsiyyəti tıxaya salır.
Qısaltmaların Azərbaycan dilindəki təsiri
Bu cür ifadələr yalnız ingilis dilinə məxsus deyil. Azərbaycan dilində də “tmm”, “ok”, “sn” kimi qısaldılmış, bəzən laqeyd görünən cavablar eyni mənfi təsiri yarada bilir. Qarşı tərəfin uzun və diqqətli yazdığı mesaja yalnız “tmm” və ya baş barmaq emojisi ilə cavab vermək, yazana özünü dəyərsiz hiss etdirə bilər. Bu, xüsusilə ailə, iş və yaxın münasibətlərdə ciddi anlaşılmazlıqlara yol aça bilər.
Flört və tanışlıqda qısa cavabların rolu
Tədqiqatın maraqlı məqamlarından biri də tanışlıq tətbiqlərindəki yazışmalardır. Məsələn, Tinder kimi platformalarda “salam”, “necəsen?”, “nə var?” kimi çox qısa və səthi mesajlar qarşı tərəfdə mənfi ilk təəssürat yaradır. Əgər biri ilə yaxınlıq qurmaq və ya yeni münasibətə başlamaq istəyirsinizsə, özəl, diqqətli və samimi cavablar vermək daha uğurlu nəticələr verir.
Hörmət və səmimiyyət rəqəmsal məkanda da vacibdir
Rəqəmsal ünsiyyətdə sürət və praktiklik nə qədər vacibdirsə, qarşı tərəfə dəyər verdiyimizi göstərmək də bir o qədər önəmlidir. Tək hərflik, çıxışsız və ya soyuq cavablar qarşımızdakına laqeyd, kobud və ya hətta sayğısız görünə bilər. Xüsusilə uzun və əhəmiyyətli mesajlara yalnız emoji və ya kısaldılmış cavablar vermək münasibətlərdə yanlış anlaşılmalara səbəb ola bilər.
Nəticə olaraq:
Mesajlarınız qısa ola bilər, lakin qarşı tərəfin hisslərini və reaksiyalarını nəzərə almaq vacibdir. Unutmayın: ünsiyyət, rəqəmsal olsa belə, hörmət və səmimiyyət üzərində qurulmalıdır.
Samir