Təbiətdə ağacların sadəcə passiv canlılar yoxsa hiss edən və qarşılıqlı əlaqə qura bilən varlıqlar olub-olmaması uzun illərdir alimlərin diqqət mərkəzindədir.
HİT.az xəbər verir ki, son illərdə aparılan bəzi tədqiqatlar, ağacların bir-biri ilə mürəkkəb əlaqə şəbəkəsi qurduğuna işarə etsə də, bu sahədə yekdil elm mövqeyi hələ formalaşmayıb.
2020-ci ildə İtaliya Alplərində həyata keçirilmiş maraqlı bir tədqiqat, bu sualları daha da aktuallaşdırdı. Güneş tutulması zamanı üç ladin ağacı üzərində aparılan ölçmələr göstərib ki, onların bioelektrik siqnallarında senkron dəyişikliklər baş verib. Bu siqnallar canlı toxumalarda baş verən zəif elektrik impulsları ilə əlaqələndirilir və hüceyrələrarası ünsiyyətin bir növü hesab olunur.
Tədqiqat zamanı ağaclarda tutulmadan saatlar öncə müşahidə olunan bu sinxron dəyişikliklər, onların yalnız qaranlığa reaksiya vermədiyini, eyni zamanda ətraf mühitdə baş verəcək dəyişiklikləri əvvəlcədən “sezə bildiklərini” göstərən ehtimalları gündəmə gətirib. Bu dəyişikliklər, xüsusilə yaşlı ağaclarda daha güclü şəkildə qeydə alınıb. Araşdırmanın müəlliflərindən olan Monika Qaqliano bu nəticələri "ağacların mürəkkəb və şüurlu bir sistemin parçası olması" kimi dəyərləndirib.
Tədqiqatın nəticələri Royal Society Open Science jurnalında dərc olunub və meşələrin canlı ünsiyyət şəbəkəsi kimi işləyə biləcəyi tezisini dəstəkləyən əhəmiyyətli dəlillərdən biri kimi təqdim edilib. Hətta bəzi alimlər bu nəticələrin ağacların qavrayış və yaddaşa malik ola biləcəyi ehtimalını da gündəmə gətirdiyini bildiriblər.
Lakin bu yanaşma elmi dairələrdə birmənalı qarşılanmayıb. Bitki ekologiyası üzrə mütəxəssis Ceyms Kaxill qeyd edir ki, tədqiqatın nümunə ölçüsü çox məhduddur və müşahidə olunan dəyişiklikləri izah edəcək alternativ faktorlar nəzərə alınmayıb.
Eyni zamanda, gənc ağacların yaşlı ağaclarla eyni sahədə yerləşməməsi və bu səbəbdən alınan nəticələrin genelleşdirmə qabiliyyətinin zəif olması tənqidə səbəb olub. Həmçinin, gündüzdən gecəyə keçid kimi adi işıq dəyişiklikləri zamanı ağacların necə reaksiya verdiyi ilə bağlı müqayisəli məlumatın təqdim edilməməsi, tutulma əsnasında qeydə alınan dəyişikliklərin sadəcə işığa cavab reaksiyası ola biləcəyi ehtimalını gücləndirir.
Bütün bu tənqidlərə baxmayaraq, tədqiqatçı komanda və nəşr olunan jurnal öz nəticələrinin arxasında dayanır. Alimlər bildirirlər ki, bu araşdırma ağacların qarşılıqlı əlaqə qurub-qurmaması məsələsində yalnız ilk addımdır və məsələni daha dərindən araşdırmaq üçün yeni və daha geniş miqyaslı tədqiqatlar planlaşdırılır.
Samir