2024-cü ilin dekabrında ABŞ-ın "Mayo" klinikası və onun tibb məktəbi tərəfindən aparılan yeni araşdırma göstərib ki, insanlar bir şəxsin xarici görünüşünü qiymətləndirərkən avtomatik olaraq üzdə altı əsas xüsusiyyətə fokuslanırlar. Göz hərəkətlərini izləmə texnologiyası vasitəsilə müəyyən edilib ki, baxışlarımız müəyyən istiqamətlərə istər şüurlu, istərsə də qeyri-ixtiyari şəkildə yönəlir və bu bölgələr sosial və ya bioloji baxımdan bizim üçün əhəmiyyət daşıyır.
HİT.az bu barədə "Forbes"ə istinadən xəbər verir.
Araşdırmada fərqli etnik mənsubiyyətə malik, makiyajsız və estetik müdaxiləsiz insanların fotolarından istifadə olunub.
Əsas nəticələr belədir:
1. Üzün mərkəzi - əsas diqqət nöqtəsi
İştirakçılar ən çox “mərkəzi üçbucaq” adlandırılan bölgəyə – gözlər, burun və ağız hissəsinə diqqət yetiriblər. Alimlər bildirir ki, bu zona emosiyalar, niyyətlər və şəxsiyyət haqqında ən güclü siqnalları verir. Bu xüsusiyyətlər, baxışın məqsədi konkret gözəllik qiymətləndirməsi olmasa belə, əsas məlumat mənbəyidir.
2. Şüurlu qiymətləndirmə baxışı dəyişdirir
Əgər iştirakçılardan birbaşa kimin daha cazibədar olduğunu soruşurdularsa, onların baxışları daha fokuslanmış olurdu. Bu zaman ağız, burun və yanaq bölgələrinə daha uzun müddət baxılırdı. Bu, üz simmetriyası, dəri vəziyyəti və gənclik kimi əlamətlərin — yəni “yaxşı genetik göstəricilərin” — qiymətləndirmə zamanı ön planda olduğunu göstərir.
3-4. Kişilər – dodaqlara, qadınlar – gözlərə və saçlara
Araşdırmada kişilər qadınların dodaqlarına, qadınlar isə kişilərin gözləri və saçlarına daha çox diqqət yetiriblər. Alimlərə görə, bu fərqlər evolyusion instinktlərlə əlaqəlidir: kişilər dodaqları reproduktiv sağlamlıqla, qadınlar isə saç və gözləri sosial status və baxımlılıqla əlaqələndirirlər.
5. Ağız, saç və gözlər – əsas cazibədarlıq indikatorları
Daha cazibədar sayılan şəxslərin ağız, saç və göz bölgələri ən çox vizual diqqət cəlb edən hissələr olub. Bu əlamətlər sağlamlıq, baxımlılıq və simmetriya haqqında informasiya verir ki, bunlar da insanların gözəllik anlayışında əsas rol oynayır.
6. Alın və boyun – mənfi siqnal
Baxışların alın və boyun bölgəsində cəmləndiyi hallarda iştirakçılar həmin şəxsləri daha az cazibədar qiymətləndiriblər. Bu, müşahidəçi tərəfindən şüuraltı “natarazlıq” və ya “nəsə uyğunsuz” bir təəssüratın yaranmasına işarədir – baxmayaraq ki, onlar bunu konkret izah edə bilmirlər.
Samir