2003-2022-ci illər arasında okean səthindən suyun altına çatan işıq miqdarında diqqətçəkən azalma müşahidə edilib. Alimlərə görə bu vəziyyət dəniz canlılarının davranışını və okeanların iqlimlə əlaqəsini təsir edə biləcək qədər əhəmiyyətlidir.
HİT.az-ın məlumatına görə, yeni bir tədqiqat göstərir ki, Yer kürəsinin okeanlarının əhəmiyyətli hissəsində günəş işığı artıq suya əvvəlki kimi dərinlikdə nüfuz edə bilmir. Alimlər bu hadisəni "okean qaralması" adlandırır və nəticələrinin həm dəniz həyatı, həm də insanlıq üçün əhəmiyyətli təsirləri ola biləcəyini bildirir.
Plimut Universiteti tərəfindən aparılan araşdırmaya görə, 2003-2022-ci illər arasında okeanların 21%-də günəş işığının su altına nüfuz etmə qabiliyyətində əhəmiyyətli azalma aşkar edilib. Bəzi bölgələrdə bu azalma işığın 100 metr daha az dərinliyə çatmasına səbəb olub. Geniş bir sahədə – Afrika qitəsi böyüklüyündə bir ərazidə – işığın keçmə dərinliyi ən az 50 metr azalıb.
Okeanın üst qatları günəş işığını dərin qatlara çatdırmaq baxımından həlledici rol oynayır. Lakin tədqiqata görə bu funksiya zəifləyir. İşıq təkcə suyun görünüşünü deyil, həm də okean həyatının əsas dövrələrini tənzimləyir. Xüsusilə çoxlu dəniz canlısı istiqamət tapmaq, qidalanmaq, çoxalmaq və miqrasiya etmək kimi həyati funksiyalarını işıq siqnallarına uyğun həyata keçirir.
Tədqiqat qrupundan Dr. Tomas Deviz qeyd edir ki, işıq miqdarındakı bu azalma bəzi növlərin yaşaya biləcəyi əraziləri məhdudlaşdıra bilər. Yəni qaralma, birbaşa olmasa da, dəniz canlılarının davranış modellərində və yaşayış yerlərində dəyişikliklərə səbəb ola bilər.
Bu qaralma meylinin arxasında tək bir səbəb yoxdur. Tədqiqatçılar yosun partlamalarındakı dəyişikliklər, dəniz səthinin istiləşməsi, suyun daxilindəki hissəcik miqdarının artması və dəniz üzərindəki süni işıq çirklənməsi kimi müxtəlif amillərin bu prosesi təsir edə biləcəyini bildirir. Bu səbəblərin çoxu isə iqlim dəyişikliyi ilə birbaşa bağlıdır.
Okeanların qaralması təkcə ekosistemi deyil, insanları da dolayı yolla təsir edə bilər. Günəş işığı okeanların oksigen istehsal etmə və karbon udma qabiliyyətində mühüm rol oynayır. Bu sistemlərin zəifləməsi qlobal iqlim balansı üzərində təzyiq yarada bilər.
Bundan əlavə, işıq axtarışında olan bəzi dəniz növləri daha səthə yaxın ərazilərə doğru hərəkət etdikcə, burada qida və məkan uğrunda rəqabət artıla bilər. Bu da balıqçılıq fəaliyyətləri başda olmaqla dənizə bağlı bir çox sektorda dəyişikliklərə səbəb ola bilər.
Tədqiqatçılar xəbərdar edir ki, qaralma uzun müddətdə dəniz ekosistemlərində köklü dəyişikliklərə yol aça bilər. Ekosistemin quruluşu, enerji dövriyyəsi və növlərarası qarşılıqlı əlaqələr bu dəyişiklikdən birbaşa təsirlənə bilər. Eyni zamanda balıqçılıq kimi gəlir mənbələri və iqlimin tənzimlənməsi kimi həyati funksiyalar da bu dəyişikliklərlə birlikdə risk altına düşə bilər.
Qısa desək: Dənizin rəngi dəyişə bilər; amma əsas dəyişiklik onun dərinliklərində baş verir.
Samir