Yelpənəklə xiyarı necə ayırd edək? - FƏRQLƏR

MARAQLI
13:45 / 03.06.2025
168

Bazarlarda alıcılara müxtəlif meyvə-tərəvəzlər təklif olunur. 

Tərəvəzlər arasında ən çox tələbat isə pomidor və xiyaradır. Onların özünün də müxtəlif növləri olur. Məsələn, elə xiyarı götürək. Digər növlərə yanaşı, satışda həm adi, həm də yelpənək xiyarına rast gəlirik. Üstəlik, onlar arasındakı qiymətlər də fərqli olur. 

Bəs xiyarla yelpənək arasındakı əsas fərqlər nələrdir? Onları necə ayırd etmək olar? 

Mövzu ilə bağlı qida məsələləri üzrə ekspert İlkin Şirinov Hit.az-a açıqlama verib. O bildirib ki, yelpənək el arasında istifadə olunan addır:

374956

"Əslində, tərəvəz növləri arasında belə bir ad yoxdur. Lakin bazarlarda və ya meyvə-tərəvəzlərin satış məntəqələrində yelpənək adına rast gəlinir. Daha dəqiq desək, xiyarın bir növünə yelpənək adını məhz bazarlarda ticarətlə məşğul olanlar veriblər". 

Ekspert yelpənəklə xiyar arasındakı fərqlərdən də bəhs edib:

"Kobud, qabarıq və qeyri-adi formada olan xiyara yelpənək deyirlər. Bu ölçüsünün çox böyük olması və qeyri-adi quruluşu ilə fərqlənir. Həmçinin, yelpənək adlanan xiyarlar əyri formaya və qalın qabığa sahib olurlar. Onun qabığı digər xiyarlarla müqayisədə tünd yaşıl və sürüşkən olur".

İlkin Şirinov sözlərini belə yekunlaşdırıb:

"Alıcıların dediyinə görə, yelpənək xiyarı daha dadlıdır. Həmçinin, onun daha gec xarab olduğu deyilir. Üstəlik, yelpənəyi digər xiyar növləri kimi hər fəsildə əldə etmək mümkün deyil. O yalnız öz mövsümündə yetişir".

Pərviz

0