Yəqin ki bu ifadəni eşitmisiniz: "Hamımız ulduz tozundanıq", yəni bədənlərimiz ulduzların yanan qazanlarında ilk dəfə yaranan elementlərdən təşkil olunub. Bu tamamilə doğrudur. Lakin kainat haqqında anlayışımız dərinləşdikcə (xüsusilə 2015-ci ildə ilk cazibə dalğalarının kəşfindən sonra) bu mənzərə daha mürəkkəbləşir.
HİT.az xəbər verir ki, 2015-ci ildəki ilk cazibə dalğası müşahidəsi böyük səs salmasa da, 2017-ci ildə qeydə alınan GW170817 (ilk ikili neytron ulduzu toqquşması) cazibə dalğalarının Yer üzərindəki həyat və insan təkamülü üçün nə qədər əhəmiyyətli ola biləcəyini təsdiqləyir.
Yeni bir araşdırma bu prosesi addım-addım izah edir. İkili neytron ulduzlarından yayılan cazibə dalğalarının bu ulduzları bir-birinə yaxınlaşdıraraq toqquşmağa sövq etdiyini və Yerin ərimiş nüvəsinin formalaşması üçün həyati olan ağır elementləri səpələdiyini göstərir.
Maqnetosferimizi formalaşdıraraq və tektonik plitələri hərəkətə gətirərək bu qüvvələr (təbii ki digər amillərlə birlikdə) planetimizdə bu böyük kosmik sualları araşdıra biləcək növün meydana çıxmasını mümkün edib.
arXiv adlı önbaskı platformuna yüklənən yeni məqalə cazibə dalğalarını birbaşa varlığımıza bağlayan astronomik, geofiziki və bioloji hadisələr zəncirini özündə cəmləşdirən bir fikir təcrübəsini təqdim edir. Kardiff Universitetindən Bernard Şutzun baş müəllif olduğu işdə o, cazibə dalğalarının hər şeyin mövcudluğu üçün nə qədər həyati olduğunu uzun zamandır düşünür.
2018-ci ildə iki neytron ulduzunun toqquşmasından yaranan ilk cazibə dalğası müşahidəsi GW170817-nin heyranedici kəşfini yenidən qiymətləndirərkən Şutz belə toqquşmaların (kilonova adlanan hadisələrin) Süd Yolunun spiral qollarında bu sirrləri araşdıra biləcək zəkanın meydana gəlməsinə səbəb olan zənciri reaksiyanı necə başlatdığını izah etmişdi. Bir növ domino effekti ilə cazibə dalğaları bizləri var edib.
Şutz deyir: "Bu, kilonova partlayışında səpələnən maddənin nəyə çevrildiyi ilə bağlıdır. Yer qabığındakı uzunömürlü uran və toriyum izotoplarının zamanla parçalanması bərk Yerdən xaricə yayılan istiliyin təxminən yarısını təmin edir. Bu da vulkanizm və tektonik plitələrin hərəkətini təşviq edir. Bu geoloji hadisələr həyatın təkamülündə mühüm rol oynayıb. Çünki növləri davamlı dəyişən mühitə uyğunlaşmağa məcbur edərək təkamülün davamlılığını təmin edir".
Bəs ikili neytron ulduzu sistemindən Yerdəki inkişaf etmiş həyata necə gəldik? Şutz və həmkarları bu fikri yeni önbaskı işlərində daha dərin araşdırır.
O, bizi bütün bu prosesin içindən keçirir. Lakin cazibə dalğalarının bu kosmik hekayədəki baş rolu ən başdan başlayır: neytron ulduzlarının toqquşmasının əsas təşviqçisi və ağır element bolluğunun yaranmasında əsas mühərrik kimi.
Araşdırmanın müəllifləri qeyd edir: "Cazibə dalğaları ikili ulduz sistemlərindən enerji daşıyaraq ulduzların bir-birinə yaxınlaşmasını təmin edir. Kilonova partlayışları dəmir elementindən daha ağır olanların (dövri cədvəldə) əsas mənbəyi olub. Bunlara uran (238U) və toriyum (232Th) izotopları da daxildir. Bu izotoplar Yerin daxili hissəsinə yayılıb. Kilonovalar olmasaydı, bu izotopların miqdarı çox az olardı, hətta heç olmazdı".
Bu qızdırılmış maya xarici nüvə Yeri geodinamoya çevirərək Günəşin kosmik şüalarından potensial həyatı qoruya biləcək maqnetosfer yaradır. Bu istilik həmçinin tektonik plitələrin hərəkətini təşviq edir. Əvvəlki araşdırmalar bu prosesin təkamüldə (xüsusilə Homo sapiens üçün) inkişaf etmiş idrak qabiliyyətlərinin formalaşmasında mühüm rol oynadığını göstərmişdi.
Şutz və həmkarları bu "cazibə dalğası-mənşəli həyat nəzəriyyəsini" irəli sürən ilk komandadır. Bununla belə, 2024-cü ildə London Kral Kolleci, CERN, İllinoys və Notre Dame Universitetlərindən tədqiqatçılar da cazibə dalğalarının insan bioloji sistemi üçün həyati olan ağır elementlər (yod və brom) istehsalındakı rolunu öyrəniblər.
Cazibə dalğalarının təkcə kainatın təkamülündə deyil, həm də Yerdə həyatın meydana gəlməsində belə böyük rol oynaması alimləri bu məkan-zaman dalğalarının digər mənbələrini aşkar edə biləcək yeni alətlər hazırlamağa həvəsləndirir.
Ötən il Avropa Kosmos Agentliyi (ESA) LISA (Lazer Interferometr Kosmos Antennası) adlı cazibə dalğası aşkarlama platformasının hazırlanmasına razılıq verib. Bu platforma Yer orbitində fəaliyyət göstərəcək və xüsusilə super kütləli qara dəlik birləşmələrindən gələn siqnalları tutmağı hədəfləyəcək. ESA artıq LISA-nın varisi olacaq "Böyük Partlayış Müşahidəçisi" (Big Bang Observer - BBO) sisteminin hazırlanması planlarına da başlayıb. Məqsəd kainatın yaranması zamanı əmələ gələn cazibə dalğalarını müşahidə etməkdir.
Nəticə etibarilə, bütün həyat həqiqətən də ulduz tozundan meydana gələ bilər. Amma bu ulduz tozunu mümkün edən şey cazibə dalğalarıdır.
Samir