Günün birində Yupiterin peyki Avropa və Saturnun peyki Enseladusa enib kilometrlərlə qalın buz qabığını deşməyi təsəvvür edən alimlər, insanlığı bu arzuya çatdıracaq yeni robot sistemlərini sınamağa başlayıblar.
HİT.az xəbər verir ki, başqa planetin və ya peykin səthini deşmək, sadə bir iş kimi səslənə bilər. Lakin insanlıq bu günə qədər Yer qabığını ancaq 12 kilometrə qədər deşə bilibsə, Saturnun peyki Enseladusun təxminən 10 kilometr qalınlığındakı buz təbəqəsini dəlmək heç də asan olmayacaq.
Buna baxmayaraq, alimlər bu çətinliyin öhdəsindən gələ biləcək robotlar hazırlamaq yolunda addım-addım irəliləyirlər. Məqsəd, buzla örtülü bu uzaq aləmlərin altında yatdığı güman edilən okeanlara çatmaq və bəlkə də Yerxarici həyatın izlərini tapmaqdır.
Yupiterin peyki Avropa və Saturnun peyki Enseladus, elm dünyasının diqqət mərkəzindədir. Hər iki göy cisminin qalın buz qabıqları altında maye halda su olan okeanların olduğu güman edilir. Bu vəziyyət onları həyat axtarışı baxımından olduqca cəlbedici edir.
NASA-nın böyük ümidlərlə hazırladığı "Avropa Klayper" missiyası 2030-cu ilin aprel ayında Avropaya çatacaq. Missiya peykin yaşamaq üçün uyğunluğu haqqında əhəmiyyətli məlumatlar toplaya bilər. Əgər ümidverici siqnallar alınsa, növbəti addım səthə eniş edəcək robot missiyaları olacaq. Lakin bu, özü ilə bir çox texniki və ekoloji çətinliklər gətirir.
Avropanın səthi, missiyanın qarşısındakı ən böyük maneələrdən biridir. Şiddətli radiasiya eniş aparatlarının elektron sistemlərini təhdid edir. Bundan əlavə, Yerlə əlaqə qurma müddəti olduqca məhduddur; Avropanın Yupiter ətrafında dönməsi səbəbindən gündə cəmi bir neçə saatlıq "rabitə pəncərəsi" mövcuddur. Bu o deməkdir ki, eniş aparatı missiyasının böyük hissəsini müstəqil şəkildə yerinə yetirməlidir.
Enerji mənbəyi də ayrı bir problemdir. Günəşə olan uzaqlıq günəş panellərini praktiki olaraq istifadəsiz edir. Buna görə robot yenidən doldurula bilməyən batareyalarla işləməli olacaq. Üstəlik, eniş ediləcək səthin yüksək dəqiqlikli xəritələri də hələ əlimizdə deyil. Avropanın son dərəcə nazik atmosferi temperaturu mənfi 160 ilə mənfi 220 dərəcə arasında dəyişən mühit yaradır; bu da səthdəki buzun beton qədər sərt olmasına səbəb olur.
Bu çətin şərtlərə baxmayaraq, NASA-nın Jet İtələmə Laboratoriyası (JPL) tərkibindəki alimlər gələcək eniş missiyaları üçün xüsusi hazırlanmış robotlar inkişaf etdirirlər. Bu robotlar yaxınlarda Alyaskadakı Matanuska Buzlağında sınaqdan keçirilib. Komandanın rəhbəri planetoloq Kevin Hand, hazırlanan texnologiyanın olduqca yetkinləşdiyini qeyd edir.
Robotun ayaqları həm qaya kimi sərt, həm də səpələnmiş qar kimi müxtəlif səthlərdə tarazlığı qoruyabilməsini təmin edir. İstiqaməti müəyyən etmək üçün isə LED-dəstəkli stereoskopik kameralar və kompüter görmə alqoritmlərindən istifadə olunur. Bu sistem Marsda fəaliyyət göstərən "Perseverance" (Əzmkarlıq) roverinin texnologiyasına bənzəyir.
Bununla belə, bu robotlar hələ kilometrlərlə dərinlikdə deşiklər aça bilməyəcək. Bu mərhələdə məqsəd səthdə təxminən 20 sm dərinliyə qədər qazma edib nümunələr toplamaqdır. Toplanan məlumatlar gələcəkdə bu buz təbəqələrinin altındakı okeanlara çatmağı mümkün edəcək daha inkişaf etmiş robotların dizaynı üçün əsas hazırlayacaq.
Əgər hər şey planlaşdırıldığı kimi gedərsə, Enseladus və Avropadakı buzaltı okeanlara çatmaq 10 ilə 20 il arası vaxt ala bilər. Lakin insanlıq bu hədəfə hər gün bir az daha yaxınlaşır. Bəlkə də bir gün Yerxarici həyatın izləri bu uzaq peyklərin birində kəşf ediləcək.
Samir