Alimlər ilk dəfə olaraq Günəşə bənzər cavan bir ulduzun ətrafındakı toz diskində su izlərinə rast gəliblər.
HİT.az xəbər verir ki, Con Hopkins Universitetinin rəhbərliyi ilə aparılan araşdırma çərçivəsində NASA-nın Ceyms Uebb Kosmik Teleskopu Yer kürəsindən 155 işıq ili uzaqlıqda yerləşən HD 181327 adlı ulduz sistemində su buzunun mövcudluğunu ortaya çıxarıb.
HD 181327 ulduzu təxminən 23 milyon yaşındadır və bu, Günəş sisteminin (4,6 milyard il) ilkin formalaşma mərhələsinin analoqu hesab edilir. Ulduz hələ planetlərini formalaşdırma mərhələsinə çatmadığı üçün onun ətrafı sıx toz və qaz diski ilə əhatə olunub.
Araşdırma qrupunun Ceyms Uebb Kosmik Teleskopunun yaxın infraqırmızı spektroqrafı (NIRSpec) vasitəsilə apardığı analiz nəticəsində, bu tozlu quruluşda suya məxsus kimyəvi izlər müəyyən edilib.
Tədqiqatçılar bildirir ki, aşkarlanan su buzunun əksər hissəsi sistemin xarici bölgələrində cəmlənib və ümumi kütlənin 20%-dən çoxunu təşkil edir. Bu quruluş, Günəş sistemindəki kometalar və buzla qarışmış toz kütlələrinə bənzəyir.
Yıldıza yaxınlaşdıqca bu buz qatının sıxlığı azalır. Diskin mərkəzinə doğru demək olar ki, su izlərinə rast gəlinmir. Bu isə ulduzun yaydığı ultrabənövşəyi şüalanmanın suyu buxarlandırması ilə izah edilir.
Araşdırmanın baş müəllifi Çen Şi qeyd edib ki, buzlu strukturların mövcudluğu qayalı planetlərin formalaşmasını asanlaşdırır və bu planetlərə suyun daşınması üçün mühit yaradır. Bu da həyat üçün zəruri olan şərtlərin meydana çıxması baxımından mühüm əhəmiyyət kəsb edir.
Eyni zamanda, HD 181327 sistemində toqquşmaların davam etdiyi, bu səbəbdən də buzlu zərrəciklərin kosmosa səpələndiyi müşahidə olunub. Bu isə həmin sistemin hələ də aktiv bir formalaşma prosesində olduğunu göstərir.
Samir