Okeanın ən təhlükəli və ən sirli yırtıcılarından olan ağ köpək balıqlarını akvariumlarda görmək mümkün deyil. Və bunun səbəbi qətiyyən yalnız onların ölçüləri deyil.
HİT.az xəbər verir ki, bu barədə "IFLScience" yazıb.
Nəşr xatırladır ki, ağ köpək balıqlarını əsarətdə saxlamaq üçün son cəhdlərdən biri 2016-cı ildə Yaponiyadakı Okinawa Churaumi Akvariumunda edilib. Balıq cəmi üç gün sonra tələf olub. Oxşar uğursuz cəhdlər onilliklər boyu davam edib. Məsələn, 1950-ci illərdə Kaliforniyadakı "Marineland of the Pacific" akvariumu balığı hətta bir gün belə saxlaya bilməyib. 1970-1990-cı illərdə də oxşar cəhdlər olub, lakin hər dəfə yırtıcılar ya ölüb, ya da onları dənizə geri buraxmaq məcburiyyətində qalıblar.
Yeganə istisna ABŞ-dakı Monterey Körfəzi Akvariumu olub, burada 2004-cü ildə böyük bir ağ köpək balığını bir neçə ay sağ saxlayıblar. Lakin bu, daha çox, istisnadır, qayda deyil.
Böyük ağ köpək balıqlarının əsarətdə ölməsinin səbəblərindən biri onların qidalanma tərzi ilə bağlıdır. Təbiətdə onlar yalnız canlı ovla qidalanır, bunu akvariumda təmin etmək isə müasir cəmiyyət nöqteyi-nəzərindən çətin, baha və etik olmayandır.
Digər səbəb isə tənəffüs xüsusiyyətləridir. Oksigen almaq üçün böyük ağ köpək balıqlarının qəlsəmələrindən suyun keçməsi üçün daimi irəliləməsi lazımdır. Bunun üçün onlara çox böyük məkan lazımdır, çünki təbiətdə minlərlə kilometr məsafə qət edirlər. Bundan əlavə, bir fərziyyə vardır ki, köpək balıqlarının suda elektrik siqnallarını qəbul etmə qabiliyyəti olan elektroreseptorları (elektroqəbulediciləri), elektron avadanlıqlar və şüşə divarlarla əhatəli qapalı məkanda dezoriyentasiyaya uğraya bilər. Bu, heyvan üçün əlavə stress yaradır.
Başqa bir amil isə ictimai münasibətin dəyişməsidir. "SeaWorld"-də qatil balinaların saxlanmasından bəhs edən "Blackfish" ("Qara Balıq") sənədli filminin çıxmasından sonra, ictimaiyyət böyük dəniz canlılarının əsarətdə saxlanmasına daha çox tənqidi yanaşır. Böyük bir ağ köpək balığının sərgisi bu gün, çox güman ki, bir neçə on il əvvəl ola biləcəyi kimi bir "hit" olmazdı.
Samir