NASA-nın amerikalı alimləri MAVEN kosmik aparatı vasitəsilə Marsın sıx atmosferinin məhv olmasına səbəb olan əsas prosesi ilk dəfə birbaşa qeydə alıblar.
HİT.az xəbər verir ki, tədqiqat "Science Advances" elmi jurnalında dərc olunub.
Geoloji dəlillərə əsasən, bir zamanlar Marsda çaylar, göllər və hətta dayaz dənizlər olub. Lakin maye suyun mövcudluğunu təmin etmək üçün sıx atmosfer tələb olunur. Bu atmosfer tədricən yoxa çıxıb. Alimlər uzun illərdir ki, səbəb kimi Günəş küləyini – Yerdəki günəş şüalanmasına bənzər, lakin daha güclü, yüklü hissəciklərin axınını – göstərirdilər. Bu hissəciklər Marsın qaz təbəqəsini sözün əsl mənasında “süpürərək” onu yoxa çıxarıb.
Əsas mexanizm kimi çiləmə prosesi müəyyən olunub: Günəş küləyindəki yüksək enerjili ionlar Mars atmosferindəki neytral atomlara çırpılaraq onlara planetin cazibə qüvvəsini aşa biləcək qədər enerji ötürür.
MAVEN missiyasının rəhbəri Şennon Karri bu prosesi belə izah edir:“Bu, sanki top gülləsi hovuzun içinə düşür – ağır ionlar atmosfer molekullarını çölə vurur və onlar kosmosa sovrulur”.
Alimlər bu hipotezanı yoxlamaq üçün inert qaz olan arqondan istifadə ediblər. Arqon çiləmə prosesinin ideal markeridir. MAVEN məlumatları göstərib ki, arqonun sıxlığı Günəş küləyinin atmosferi bombaladığı yüksəkliklərdə kəskin artır, itki səviyyəsi isə modellərin proqnozlaşdırdığından dörd dəfə çoxdur.
Bu proses Günəş partlayışları zamanı daha da intensivləşir. Bu isə o deməkdir ki, milyardlarla il əvvəl – Günəş daha aktiv, Mars isə artıq öz maqnit sahəsini itirmiş vəziyyətdə olarkən – atmosferin dağılması prosesi daha sürətli gedib və nəticədə planet tədricən suyu və havasını itirib.
Bu kəşf sübut edir ki, çiləmə prosesi Marsın iqlim dəyişikliyində həlledici rol oynayıb. Maqnit sahəsinin qoruması olmadığından, Mars Günəş radiasiyasına qarşı müdafiəsiz qalıb və bu da həyat üçün əlverişli şəraitin qeyri-bərpaolunacaq şəkildə itməsinə səbəb olub.
Samir