Cins şalvarlar demək olar ki, hər bir insanın qarderobunun ayrılmaz hissəsidir. Buna görə də onları necə düzgün yumağı bilmək vacibdir ki, geyim öz formasını və görünüşünü itirməsin. “HouseDigest” nəşri cins şalvarların yuyulmasında tez-tez buraxılan səhvlər barədə məlumat verib.
HİT.az xəbər verir ki, vins şalvarları yuymazdan əvvəl mütləq bütün fermuarları, düymələri və çıtçıtları bağlamaq lazımdır. Bu, geyimin formasını qorumağa kömək edir. Açıq "zamok" və düymələr məhsulun dartılmasına və ya deformasiyasına səbəb ola bilər.
Bundan əlavə, bağlanmamış "zamoklar"ın kəskin metal dişləri paltaryuyan maşının hissələrinə və ya digər geyimlərə ilişə bilər və zədələnə bilər. Eyni zamanda, cinslərlə birlikdə yuyulan daha həssas geyimlərin cırılmasına da yol aça bilər.
Yumağa başlamazdan əvvəl ciblərin boş olduğuna da əmin olunmalıdır. Əks halda cibdə unudulmuş konfet və ya salfetlər məhsulu daha da çirkləndirə bilər. Həmçinin, cibdə qalmış açar və digər metal əşyalar paltaryuyan maşına zərər verə bilər.
Əgər cins şalvar köhnəlib və ya cırılıbsa, onun uclarını corab sıxacları ilə bərkidin ki, cırılma daha da artmasın. Alternativ olaraq, bu tip cinsləri iri torlu yuma kisəsinə yerləşdirmək onların ömrünü uzada bilər. Bundan başqa, cins parçanı yumaqdan əvvəl bütün deşikləri yamamaq tövsiyə olunur ki, yuyulma zamanı parçalanma daha da dərinləşməsin. Cinslərin rənginin solmaması və ya dəyişməməsi üçün onları tərs çevirərək yumaq da məsləhət görülür.
Mütəxəssislər bildirirlər ki, yalnız cins şalvarlar deyil, digər geyimlər də yuyulmazdan əvvəl fermuar və düymələri bağlanaraq yuyulmalıdır. Bu, onların formasını qoruyaraq daha uzun müddət yaxşı görünməsini təmin edir. Bu qayda alt paltarlarında, ətəklərdə və donlarda olan qarmaqlara da aiddir.
Lakin köynəklərdə – xüsusilə qol və yaxa hissəsindəki düymələr yuyulmazdan əvvəl, əksinə, açılmalıdır. Bu, köynəyin “nəfəs almasına” və düymələrin qopmamasına imkan yaradır. Bağlanmış köynəklər isə paltaryuyan maşının barabanında intensiv hərəkət nəticəsində formasını itirə və dartıla bilər.
Samir