Qanadlarını “səkkiz” formasında hərəkət etdirə bilən kolibr quşları havada sabit qala bilir və hətta uzun məsafələri geriyə doğru qət edə bilirlər. Bu qeyri-adi hərəkət bacarığı, yeni nəsil dron və hava nəqliyyatı vasitələrinin dizaynına təsir edə bilər.
HİT.az xəbər verir ki, helikopterlər istisna olmaqla, geriyə doğru uça bilən hava nəqliyyatı vasitəsi hazırlamaq hələ də mühəndislik dünyası üçün ciddi bir çətinlik olaraq qalır. Yeni nəsil dronlar bəzən qısa məsafələrdə geriyə hərəkət edə bilsələr də, atmosferdə sabit və balanslı şəkildə geriyə uça bilmək hələ də ciddi fiziki məhdudiyyətlərlə üz-üzədir. Lakin təbiət bu baxımdan mühəndisliyi qabaqlamış kimi görünür.
Kolibr quşları təkcə cəlbedici rəngləri və kiçik ölçüləri ilə deyil, eyni zamanda unikal uçuş bacarıqları ilə də diqqət çəkir. Bu qeyri-adi quş növü, geriyə doğru uça bilən yeganə quş kimi tanınır. Üstəlik bunu, insan tərəfindən hazırlanmış heç bir hava nəqliyyat vasitəsinin bacarmadığı dərəcədə zərif və effektiv şəkildə yerinə yetirir.
Kolibrilər qanadlarını saniyədə 20-dən 80-ə qədər çırpa bilirlər. Bəzi növlərdə bu çırpınma sürəti onlara hərbi təyyarələrə bənzər manevr qabiliyyəti qazandırır. Lakin onları fərqləndirən təkcə sürət deyil, həm də qanad quruluşunun forması və hərəkət prinsipləridir.
Əksər quşların əksinə olaraq, kolibrilərin qanadları bədənlərindən demək olar ki, üfüqi şəkildə uzanır və kifayət qədər sərt struktura malikdir. Bu sayədə həm irəli, həm də geriyə hərəkət zamanı aerodinamik sabitliklərini qoruyaraq uça bilirlər.
Daha da diqqətəlayiq olan odur ki, bu quşlar qanadlarını “səkkiz” formasını xatırladan trayektoriya ilə döndərə bilirlər. Bu unikal hərəkət yalnız irəli uçmalarını deyil, həm də havada dayanıqlı qalmağı və geriyə uzun məsafələrdə uçmağı mümkün edir.
Kolibrilər qanad hərəkətlərini yalnız çiyinlərdən deyil, eyni zamanda bilək və digər oynaq bölgələrindən də idarə edə bilirlər. Bu elastiklik onlara həm yuxarı, həm də aşağı istiqamətdə qanad çırparaq qaldırma qüvvəsi yaratmaq imkanı verir. Bu xüsusiyyətlərinə görə, kolibriləri təbiətin ən kiçik “helikopterləri” kimi qəbul olunur.
Bəzi digər quş növləri qəfil manevrlər zamanı bir neçə santimetr geriyə gedə bilsə də, bu reflektor və müvəqqəti bir hərəkətdir. Gerçək mənada, balanslı və davamlı şəkildə geriyə uça bilən yeganə quş məhz sinek quşudur.
Alimlər kolibrilərin uçuş mexanizmini tam şəkildə anlamaq üçün hərəkət analizi və biomekanik tədqiqatlar aparırlar. Bu araşdırmaların məqsədi yalnız quş fiziologiyasını öyrənmək deyil, həm də bu bənzərsiz uçuş qabiliyyətini gələcəyin hava vasitələrinə tətbiq etməkdir.
Xüsusilə daha çevik, istiqamətini sürətlə dəyişə bilən və çoxistiqamətli hərəkətə malik mikro hava aparatları hazırlamaq istəyən mühəndislər, kolibrilərin uçuş prinsiplərini model olaraq araşdırırlar. Bu yolla, geriyə və ya sabit bir nöqtədə qala bilən yeni nəsil dron və kəşfiyyat vasitələri inkişaf etdirilə bilər.
Samir