Təyyarə səyahətlərində diqqətdən qaçsa da, fərq edən hər kəsin marağını çəkən bir detalın sirri aydınlaşıb. Təyyarələrə minmə və enmələrin niyə həmişə sol tərəfdən həyata keçirildiyi sualına həm tarixi, həm də əməliyyatla bağlı səbəblər cavab verir.
HİT.az xəbər verir ki, yolçuların təyyarələrə daim sol tərəfdən daxil olması, əslində dənizçilikdən qaynaqlanan qədim bir ənənəyə əsaslanır. Gəmiçilikdə sükan lövhəsi sağ tərəfdə (sancaq tərəfi) yerləşdiyi üçün, sərnişin və yük yükləmə işləri sol tərəfdən (iskele tərəfi) aparılırdı. Bu praktik yanaşma daha sonra aviasiya sahəsinə də keçib və kommersiya təyyarələrinin sərnişin qapıları ənənəvi olaraq sol tərəfdə yerləşdirilib.
Müasir aviasiyada bu seçimin arxasında yalnız tarixi motivlər deyil, eyni zamanda əməliyyat səmərəliliyi də dayanır.
Əslində təyyarələrdə sağ qapı da olur, lakin bu qapı əsasən loqistika məqsədləri üçün istifadə olunur. Məsələn, sərnişinlərə təqdim ediləcək yemək və içkilər sağ tərəfdən yüklənir. Bu prosesin yaratdığı qarışıqlıqdan sərnişinlərin təsirlənməməsi üçün giriş-çıxışlar sol tərəfdən təşkil edilir.
Bundan əlavə, pilotlar adətən təyyarənin sol tərəfində oturduqları üçün hava limanlarının qapıları və terminal körpüləri də buna uyğun şəkildə sol tərəfə inşa olunur. Bu tərtibat pilotlara təyyarəni taksi edərkən və dayanacaq yerinə yaxınlaşdırarkən məsafəni daha dəqiq qiymətləndirməyə imkan verir. Nəticədə, sərnişin körpülərinin istifadəsində və yerüstü əməliyyatlarda həm rahatlıq, həm də təhlükəsizlik təmin olunur.
“United Airlines” 1930–40-cı illərdə qapılarını sağ tərəfə yerləşdirməyi sınasa da, aviasiya sektorunda sol tərəfdən minmə artıq standart halına gəldiyi üçün bu təcrübədən imtina edilib. Bu uyğunluq həm hava limanı infrastrukturunun, həm də uçuş əməliyyatlarının fasiləsiz və effektiv şəkildə işləməsi üçün olduqca vacib sayılır.
Samir