Trias dövrünün əvvəlində Yer kürəsi həddindən artıq isti keçib, bu da ərazilərin böyük hissəsini yaşamaq üçün yararsız edib. Lakin bəzi qədim sürünənlər sağ qalıb sərt landşaftlardan keçə bilib.
HİT.az bu barədə "Interesting Engineering"ə istinadən xəbər verir.
Birmingem və Bristol Universitetlərindən alimlər yeni tədqiqatlarında müəyyən ediblər ki, dinozavrlar və timsahların əcdadları olan arxozavromorflar yeni ekosistemlərə yerləşmək üçün təxminən 16.000 kilometr məsafəyə miqrasiya ediblər.
Araşdırmanın baş müəllifi, Birmingem Universitetindən doktor Cozef Flanneri-Sazerlend bildirib:
"Nəticələrimiz göstərir ki, bu sürünənlər Pangeyanın tropik ölü zonasının ekstremal iqliminə qarşı daha davamlı idilər və dünyanın o biri ucuna çatmaq üçün bu cəhənnəm şəraitinə dözə bildilər. Yəqin ki, düşmən tropiklərdə sağ qalma qabiliyyəti onlara Trias dünyasında inkişaf etmək üçün üstünlük verdi".
Nəşrdə xatırladılır ki, təxminən 252 milyon il əvvəl Perm dövrünün sonunda baş verən kütləvi məhv nəticəsində quru heyvanlarının yarıdan çoxu və dəniz növlərinin 81%-i məhv olub. Bu hadisənin nəticələri bütün dünyaya ziyan vurub, ekstremal istiyə görə tropiklər isə əsasən yaşamaq üçün yararsız hesab olunub.
Məhz belə şəraitdə arxozavromorflar meydana çıxıb. Alimlər onların məşhur varisləri dinozavrlardan xeyli kiçik olduğunu vurğulayıblar. Uzun müddət tədqiqatçılar arxozavromorfların müəyyən regionlarla məhdudlaşdığını düşünürdülər. Lakin alimlər onların miqrasiya edə biləcəyini istisna etmirdilər.
Həqiqəti müəyyən etmək üçün alimlər sürünənlərin əcdadlarının dünya üzrə necə hərəkət etdiyini başa düşmək üçün landşaft rekonstruksiyaları və filogenetik ağacdan istifadə edən yeni modelləşdirmə üsulu yaradıblar. Beləliklə, onlar arxozavromorfların əvvəl düşünüləndən daha davamlı olduğunu müəyyən ediblər.
Alimlərin sözlərinə görə, bu sürünən əcdadları yeni ekosistemlərə çatmaq üçün minlərlə kilometr miqrasiya edərək ekstremal şəraitə dözüblər. Əvvəllər bu mümkünsüz hesab olunur.
Alimlər qeyd edir ki, məhz Trias dövrü "sürünənlər dövrü"nün başlanğıcını qoyub. Bu, Yerin bioloji bərpası və əhəmiyyətli təkamül dəyişiklikləri üçün həlledici vaxt olub.
Samir