Alimlər Yerin maqnit sahəsi ilə oksigen səviyyəsi arasında qeyri-adi əlaqə tapdı

MARAQLI
18:15 / 19.06.2025
46

NASA (ABŞ) və Lids Universitetindən (Böyük Britaniya) olan beynəlxalq alimlər qrupu Yer kürəsinin geomaqnit sahəsi ilə atmosferdəki oksigenin tərkibi arasında gözlənilməz əlaqə müəyyən edib. Son 540 milyon ili əhatə edən məlumatların təhlili göstərib ki, bu iki göstərici sinxron şəkildə dəyişib və öz maksimumlarına 330–220 milyon il əvvəlki dövrdə çatıb.

Hit.az xəbər verir ki, tədqiqatın nəticələri "Science Advances" elmi jurnalında dərc olunub.

Statistik analiz maqnit sahəsinin gərginliyi ilə oksigen konsentrasiyası arasında güclü korrelyasiya (0,72) olduğunu üzə çıxarıb. Hətta mümkün olan 1 milyon illik vaxt fərqi nəzərə alındıqda belə, bu əlaqə statistik olaraq əhəmiyyətli qalır.

Əldə edilmiş məlumatlar Yer qabığının dərinliklərində baş verən proseslərlə atmosfer arasında əvvəllər öyrənilməmiş qarşılıqlı əlaqə mexanizminin mövcudluğuna işarə edir. Bu kəşf maqnit sahəsinin roluna dair mövcud ənənəvi təsəvvürləri dəyişir. Belə ki, o, yalnız Günəş radiasiyasından qoruyan baryer kimi qiymətləndirilirdi.

Tədqiqatın nəticələri Yer kürəsindən kənarda həyat axtarışları baxımından da mühüm əhəmiyyət daşıyır. Alimlər qeyd edirlər ki, ekzoplanetlərin potensial yaşanabilirliyini qiymətləndirərkən təkcə onların atmosfer tərkibi deyil, həm də maqnit sahəsinin olub-olmaması nəzərə alınmalıdır.

Samir
 

0