Qədim misirlilər pişiklərə ilahi məxluq kimi sitayiş edirdilər. Müasir insanlar isə bu heyvanların çoxsaylı cinslərini yaradıblar ki, onların bəziləri on minlərlə dollara başa gəlir və bahalı qulluq tələb edir.
HİT.az "Unian"a istinadən xəbər verir ki, ən bahalı pişik cinsi "Aşera"dır. Onların qiyməti 75 min dollardan başlayaraq 125 min dollara qədər yüksəlir. Bu pişiklər Asiya leopard pişiyi, Afrika servalı və ev pişiyinin genetik qarışığından yaranıb. Bu cins olduqca iri olur – uzunluğu 1,5 metrə, çəkisi isə 18 kiloqrama qədər çatır. Onların ömrü 12–20 il arasındadır.
İkinci yerdə "Savanna" pişikləri gəlir. Onların qiyməti 1 500 dollardan 25 min dollara qədərdir. Bu yeni cins Afrika vəhşi pişiyi ilə ev pişiyinin qarışığından əldə edilib. Nəticədə vəhşi görünüş və sakit təbiət birləşib. Bu pişiklər də Aşera kimi uzunömürlüdür. Erkəklərin çəkisi 12–15 kq, dişilərin isə 7 kq civarındadır.
Üçüncü pillədə isə Tayland mənşəli, ekzotik adla tanınan "Kao-mani" pişikləri qərarlaşıb. Bir balasının qiyməti 7–11 min dollar arasındadır. Bu cinsin ömrü nisbətən qısa – 10–12 ildir, çəkiləri isə 3–4 kq-dır.
"Afrika servalı" adlanan vəhşi pişiklər üçün 3 min dollardan 10 min dollara qədər ödəmək lazım gəlir. Bəzən qiymət 100 min dolları da keçə bilər. Bu heyvanları evdə saxlamaq üçün xüsusi icazələr tələb olunur. Onların ömrü 15–20 il arasındadır və çox ağıllı və incə bədən quruluşuna malikdirlər.
"Reqdoll" cinsli pişiklər də bahalıdır. Onlar çox mehriban və fotogenikdirlər. Oyuna meyilli və insanlara bağlı təbiətləri var. Onların qiyməti 300 dollardan başlayır və 7 500 dollara qədər yüksəlir. Ancaq bu cins çox tüklü olduğu üçün evdə daim təmizlik tələb edir. Reqdollar 12–17 il arasında yaşayırlar.
Siyahının ikinci yarısına "Sfinx" pişikləri başçılıq edir. Onların qiyməti 1 500–6 000 dollar arasında dəyişir. Ağıllı və ünsiyyətcil olduqları üçün seçilirlər. Əsas üstünlükləri tüksüz olmalarıdır, bu isə allergiyası olanlar və təmizliyə həssas olanlar üçün əhəmiyyətlidir. Ömürləri 12–14 ildir.
"Bengal pişiyi" 1 000–5 000 dollar arasında dəyişən qiymətə sahibdir. Onlar leopardı xatırladan naxışlara və idmançı bədən quruluşuna malikdirlər. Doğru qidalanma və hərəkətli həyat tərzi ilə 12–20 il arasında yaşaya bilirlər.
Bu qiymət aralığında "Fars pişiyi" də yer alır. Təəssüf ki, bu cins çoxlu xəstəliklərə meyllidir – böyrək polikistozu, sidik yollarının infeksiyaları və omba displaziyası onlara xas problemlərdəndir. Onların ömrü 12–15 ildir.
Dünyanın ən iri pişik cinslərindən olan "Meyn-kun"lar da kifayət qədər bahalıdır – 200 dollardan 5 000 dollara qədər. Onlar ailələr üçün ideal ev heyvanları sayılır. 15–20 il arasında yaşaya bilirlər, çəkiləri isə 11 kq, bəzən isə 15 kq-a çatır.
Siyahını "Britaniya qısa tüklü" pişikləri tamamlayır. Onların qiyməti 500–4 500 dollar arasındadır. Onlara gözəl görünüşləri və mehriban təbiətləri görə üstünlük verilir. Bu cins 12–15 il, bəzən isə 20 ilə qədər yaşaya bilər.
Bu siyahıya daxil olan pişiklər yalnız varlı insanlar üçün əlçatandır. Lakin ev heyvanının dəyəri onun qiyməti ilə deyil, sahibinə verdiyi sevgi və sədaqətlə ölçülür.
Samir